Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib

Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş “Akademik Kamal Talıbzadə: ədəbi tənqid məktəbinin yaradıcısı” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq akademiyanın, eləcə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun formalaşmasında ədəbiyyatşünas alimin əvəzsiz xidmətləri olduğunu bildirib. O, akademik Kamal Talıbzadənin Azərbaycan elminə və ictimai fikir tarixinə mühüm töhfələr vermiş, qiymətli əsərləri ilə elmimizi zənginləşdirmiş, yeni nəsillərin inkişafında böyük xidmətlər göstərmiş böyük ictimai xadim olduğunu qeyd edərək, görkəmli alimin Azərbaycan elminin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, akademik Kamal Talıbzadə XX əsr Azərbaycan ədəbi tənqidinin mükəmməl salnaməsini, dolğun elmi mənzərəsini yaradıb, həmçinin tənqid tariximizin köklərini dərindən araşdırıb.
Akademik İsa Həbibbəyli tənqidçi alimin gənclərin inkişafına böyük dəstək göstərdiyini, onların fəaliyyəti ilə maraqlandığını, aspirantların yetişdirilməsində yaxından iştirak etdiyini vurğulayıb.
Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat tənqidi və ədəbiyyat nəzəriyyəsi istiqamətlərindəki xidmətlərini yüksək qiymətləndirən İsa Həbibbəyli alimin 1966-cı ildə işıq üzü görmüş “XX əsr Azərbaycan tənqidi” kitabını indiyədək bu sahədə yazılmış ən qiymətli, fundamental tənqid tarixi əsəri kimi dəyərləndirib. O, Kamal Talıbzadənin XX əsrin əvvəlləri Azərbaycanda romantik şeirin sənətkarlıq xüsusiyyətləri ilə bağlı ərsəyə gətirdiyi dissertasiya işinin Abbas Səhhətin timsalında ədəbiyyat sənətinin görkəmli nümayəndəsini bütün yönləri ilə birlikdə təqdim etməklə yanaşı, onun lirikasını, özünəməxsusluğunu, sənətkarlıq xüsusiyyətlərini ilk dəfə meydana qoyan tədqiqat işi olduğunu vurğulayıb. Qeyd edib ki, akademik Kamal Talıbzadə haqqında ilk monoqrafiya Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çapdan çıxıb.
Çıxışının sonunda akademik İsa Həbibbəyli böyük müəllimi akademik Kamal Talibzadəni hər zaman hörmətlə xatırladığını, onun irsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Kamal Talıbzadə - tənqid tariximizin memarı” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, Kamal Talıbzadənin tədqiqatları ədəbiyyat tarixinin və tənqidinin bütün inkişaf yollarını əhatə edib. O, bütün fəaliyyəti boyu ədəbiyyat tarixi və problemlərini müasir ədəbiyyatın məsələləri ilə paralel öyrənmək, mümkün qədər bu sahələri yaradıcılığında dolğun əks etdirmək yolu ilə gedib.
Akademik Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında mühüm rol oynamış cəsarətli və obyektiv tənqidçi kimi səciyyələndirən Vaqif Yusifli Ədəbiyyat İnstitutunda alimin “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)” və “Seçilmiş əsərlər” kitablarının çapdan çıxdığını diqqətə çatdırıb. O, görkəmli ədəbiyyatşünas alimlə bağlı xatirələrini bölüşüb, Kamal Talıbzadəni istedadlı alim və tənqidçi, xeyirxah insan və elmi məktəb yaratmış böyük müəllim kimi xarakterizə edib.
Daha sonra professor Bədirxan Əhmədli “Şəxsiyyətin görünən və görünməyən miqyası” filologiya elmləri doktoru, dosent Elnarə Akimova “Kamal Talıbzadənin yaradıcılığında poeziya məsələləri”, dosent Sara Osmanlı “Müqayisəli ədəbiyyatşünaslığın inkişafında Kamal Talıbzadənin xidmətləri” dosent Nərgiz Cabbarlı “Kamal Talıbzadə və müasir ədəbi tənqid” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını ifadə edib.

Tehsil-press.az



Oxşar xəbərlər