Ödənişli atalıq məzuniyyəti olacaqmı?

Ödənişli atalıq məzuniyyəti olacaqmı? Azərbaycanda ödənişli atalıq məzuniyyətinin verilməsi yenidən gündəmə gəlib. Belə ki, Milli Məclisin bu günlərdə keçirilmiş iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi hökumətə 14 günlük atalıq məzuniyyətinin verilməsi ilə bağlı tövsiyə verib. Deputat bildirib ki, ölkəmizdə ödənişsiz atalıq məzuniyyəti verilsə də, təcrübədə heç kəs bu hüququndan istifadə etməyib. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə ziyan vurur.
BMT-nin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verdiyi tövsiyədə qeyd edilib ki, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsini, eləcə də məsuliyyətli atalığı təşviq etmək, Əmək Məcəlləsinə 14 günlük ödənişli atalıq məzuniyyətinin daxil edilməsi ilə bağlı dəyişiklik layihəsinin qəbulunu sürətləndirmək üçün ünvanlı tədbirlər, o cümlədən maarifləndirmə tədbirləri görülməlidir.
H. Hüseynova 2 il bundan əvvəl də atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsini təklif etmişdi. Ötən ilin sonlarında isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bununla bağlı qanun layihəsinin hazırlandığını, üst qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim ediləcəyini bildirmişdi. Deputat Aydın Mirzəzadə isə ödənişli atalıq məzuniyyətinin müddətinin bir aya qədər artırılmasını təklif etmişdi. Lakin görünəni odur ki, ödənişli atalıq məzuniyyəti layihə və təkliflərdən o tərəfə keçməyib.
Bəs, ölkəmizdə ödənişli atalıq məzuniyyətinin olacağı nə dərəcədə realdır?
Əmək Məcəlləsinə görə, məzuniyyətin bir neçə növü var. Bunlar əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyətdir. Lakin təcrübə onu göstərir ki, Azərbaycanda əsasən dövlət sektorunda işləyənlər məzuniyyət hüququndan qanuni formada yararlana bilir.
Özəl müəssisələrdə isə əksər hallarda qanunvericiliyin tələblərinə tam əməl edilmir: ya ödənişli məzuniyyət verilmir, ya da günlərinin sayı azaldılır.
Belə ki, Məcəlləyə görə, əmək məzuniyyətinin müddəti 21 gündən (Bu müddət ixtisas tələb etməyən sahələrdə çalışanlara aiddir) başlasa da, reallıqda işçilərinə il ərzində 7-10 gün ödənişli məzuniyyət verən işəgötürənlərə də rast gəlmək olur. Bu baxımdan söhbət konkret kişilərdən düşəndə, digər ödənişli məzuniyyət növlərindən (təhsil və yaradıcılıq məzuniyyəti) danışmağa dəyməz. Başqa sözlə, ölkədə ödənişli atalıq məzuniyyəti leqallaşsa belə, bu, hələ onun özəl müəssisələrin timsalında reallaşacağı demək deyil.
Digər tərəfdən mental dəyərlərdən irəli gələrək ailədə körpəyə qulluğu ananın öz üzərinə götürməsi, bu işdə qadın valideynlərin (ana, qayınana) dəstəyi atanın məzuniyyətə çıxma zərurətini arxa plana salır. Bu mənada kişilərin ödənişsiz atalıq məzuniyyətinə çıxmamasının səbəbini ancaq ailə büdcəsinə vurulan ziyanla izah etmək çətindir. Nəticə etibarilə Azərbaycanda atalıq məzuniyyəti ödənişli olarsa belə, yeni dünyaya gəlmiş övladına qulluq etməyi əsas gətirərək məzuniyyətə çıxmaq istəyənə rast gəlmək o qədər də asan olmayacaq.
Qeyd edək ki, əmək qanunvericiliyinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 gün müddətində ödənişli məzuniyyət verilir. Vəziyyətdən asılı olaraq bu müddət 14 gün artırıla da bilir. Kənd təsərrüfatı sahəsində isə bu müddətin 180 günə qədər artması mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər