“Laçında, Zəngilanda qurulan şərait hansı ərazidə var?”

“Laçında, Zəngilanda qurulan şərait hansı ərazidə var?” Müqəddəs Azərbaycan bayrağının Xankəndi, Əsgəran, Xocavənd, Xocalı və Ağdərədə də ucalması elə böyük xoşbəxtlik, fərəh, qürurdur ki, bütün digər məsələlər bunun fövqündə dayanır. Millət olaraq son 2 əsrlik tariximizin ən şərəfli dövrünü yaşayırıq. Qarabağ nisgilinə birdəfəlik son verilib; məğlubiyyət acısından xilas olan qalib Azərbaycan insanının beli dikəlib, dostunun, düşməninin üzünə qalib xalq kimi baxır...
Azərbaycanın bir nömrəli, bütövlükdə dünyanın ən çətin və mürəkkəb münaqişələrindən olan Qarabağ probleminin birdəfəlik həlli həm də illərdir bu amildən yararlanaraq siyasi kimliklərini qoruyanların “belini düzəltməli”, onlar da ürək dolusu sevinməli idi. Amma təəssüf ki, bunun tam əksini görməkdəyik. Söhbət ondan gedir ki, dünənə kimi “bəs” ədatı dillərində bitən, “bəs Xankəndi”, “bəs Xocalı” və s. deyərək ağıllarına gələn iddialarla cəmiyyəti çaşdırmağa çalışan bəlli müxalifət dairələri tamamlanan Qələbədən elə də məmnun görünmürlər. Yeni qalmaqal, hakimiyyəti ittiham etmək üçün axtarışlar davam edir. Qınamalı deyil. Qarabağ münaqişəsinin arxivə getməsi, həm də bu adamları arxivə gömüb.
Siyasi varlıqlarını qorumaq üçün bu dəfə öz yurd-yuvalarına qayıtmaqda olan insanların hisslərindən yararlanmağa, onları hakimiyyətdən narazı salmağa xidmət edən iyrənc üsula əl atırlar. Təəssüf ki, Qarabağda hələ münaqişədən öncəki yaşayışı, evi, ərazini, bağ-bağçanı olduğu kimi istəyənlər və ya döndükdən sonra xırda bir məsələyə görə səbrsizlik sərgiləyənlər də bəzi hallarda siyasi alətə çevrildiklərinin fərqinə varmırlar.
Qarabağa bir an öncə dönmək istəyən saf insanların hissləri, hardasa başadüləndir. 30 illik işğaldan sonra doğma yurda daha tez qayıtmaq, qalan ömrünü qoyub çıxdığı elində-obasında yaşamaq istəyindən ülvi hiss ola bilməz. Amma bu 30 illik işğal müddətində düşmənin Qarabağı necə darmadağın etdiyini, hər qarışını minaladığını bir an olsun, unutmamalıyıq.
Ermənilər Qarabağda daş üstə daş qoymayıb, evlərdən əsər-əlamət yoxdur, infrastuktur tamam məhv edilib. Son 3 ildə Azərbaycan dövləti sırf öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparıb, bu işlərə bir an olsun ara verilməyib və hazırda da sürətlə davam etdirilməkdədir. Bütün bu ərazilərin yaxın illərdə cənnətə çevriləcəyi heç kimdə şübhə doğurmur. İndiyə qədər görülən işlər göz önündədir və əlavə şərhə yer qoymur. Bu gün Laçında, Zəngilanda bərpa olunan kəndlərdə qurulan şərait hansı ərazidə var? Ən gözəl şərait, infrastruktur azad olunan ərazilərimizdə yaradılmırmı, ən gözəl evlər burada tikilmirmi? Bütün bunları görməzdən gəlmək, görülən işlərə qara yaxmaq heç kimə başucalığı gətirmir və qəbuledilməzdir.
Onu da unutmamalıyıq ki, bərpa, quruculuq işləri planlı şəkildə insanların daha yaxşı şəraitdə yaşamasına xidmət edən formada aparılır. Dövlət bütün imkanları ilə ortadadır. Qarabağı qaytaran güclü dövlət öz insanını uçulub dağılımış evi ilə baş-başa qoymaq istəmir. Onu daha müasir imkanlara malik yerə qaytarmaq üçün gecə-gündüz çalışır. Hamımız anlamalıyıq ki, burada xaos şəklində geri dönüş başqa problemlərə yol aça bilər. Vətəndaş sırf öz imkanları hesabına yox edilən yurd yerlərini bərpa edə bilməyəcək, mina qurbanlarının sayı artacaq, yersiz mübahisələr arzu olunmayan formada böyüyəcək və s.
Böyük qayıdış fonunda xırda məsələlərdən narazı olanlara o halda haqq qazandırmaq olardı ki, dövlət kənarda dayanardı, insanları yox edilən kənd və şəhərlərə kor-koranə şəkildə dönməyi təklif edərdi, onların döndükləri ərazilərdə taleyin ümidinə buraxardı. Bu yoxkən, dövlətin sürətli və ən əsası müasir infrastiktur qurduğu, insanları tədricən geriyə dönüşünü, onların məşğulluğunu gerçəkləşdirdiyi bir vaxtda xırda hisslərin girovuna çevrilmək, siyasi dəllalların əlinə fürsət vermək heç bir halda doğru yanaşma deyil.
Səbrli olmaq, cılız hissləri bir kənara buraxıb dövlətin yanında olmaq zamanıdır.
Qarabağı qaytaran, 2 əsrlik məğlubiyyət sindromuna, erməni şovinizminə son verən, düşmənin bəlli havadarlarını belə yeni reallığı qəbul etməyə məcbur edən hakimiyyət tezliklə bütün Qarabağı, Şərqi Zəngəzuru da bərpa edəcək və bütövlükdə bu prosesi də şərəflə başa vuracaq.

Tehsil-press.az


Oxşar xəbərlər