Veb-texnologiyaları üzrə “Skills Azərbaycan 2023” milli yarışının final mərhələsinə start verilib

Veb-texnologiyaları üzrə “Skills Azərbaycan 2023” milli yarışının final mərhələsinə start verilib Etibarən veb-texnologiyaları üzrə “Skills Azərbaycan 2023” milli yarışının final mərhələsinə start verilib.
İki gün ərzində iştirakçılar “Speed Test”, “Interaction”, “Service side” və “Layout” kimi dörd fərqli modul üzrə praktiki tapşırıqları yerinə yetirəcəklər. Yaşı 21-ə qədər olan gənclər arasında keçirilən “Skills Azərbaycan 2023” milli yarışında həm yerli, həm beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti iştirak edir. Onların arasında veb-texnologiyaları üzrə “WorldSkills Korea”nın baş eksperti də yer alır.
Milli yarışın qalibləri noyabrın 25-dən dekabrın 1-dək Asiya ölkələri arasında keçirilən regional “WorldSkills Asia Abu Dhabi 2023” yarışında Azərbaycanı təmsil edəcəklər.
“WorldSkills” təşkilatının veb-texnologiyaları üzrə baş eksperti Şəhriyar Seyfəlili bildirib ki, yüksək nəticə göstərən iştirakçılar “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq 80-dən çox ölkənin qatılacağı nüfuzlu beynəlxalq “WorldSkills Lyon 2024” yarışında iştirak etmək fürsəti qazanacaqlar. Yarışların keçirilməsində məqsəd “World Skills Lyon 2024”də ölkəmizi təmsil etmək və gənclər arasında peşə təhsilinə marağı artırmaqdır.
“Yarış 3 mərhələdən ibarətdir. 500-dən çox iştirakçıdan hər ixtisas üzrə 10-20 nəfəri finala vəsiqə qazanıb. Qarşıda “WorldSkills” həftəsidir və daha 6 ixtisas üzrə yarışlar keçiriləcək. Yarış qaliblərindən ibarət 5 nəfərlik milli komanda formalaşacaq və onlar 9 ay ərzində “World Skills Lyon 2024”ə hazırlaşacaqlar. “Skills Azərbaycan 2023” müxtəlif bacarıq istiqamətlərini əhatə edən gənclər arasında keçirilən milli yarışdır. Bacarıqlar arasında veb-texnologiyalar, 3D oyun sənəti, aşpazlıq, bərbər ixtisası, zərgərlik, qaynaqçı ixtisası və kibertəhlükəsizlik kimi sahələr yer alır”, - deyə Şəhriyar Seyfəlili söyləyib.
“WorldSkills Korea”nın veb-texnologiyaları üzrə baş eksperti Ryu Seunglyul yarışda qalib gələnlərin Koreyadakı təlimlərdə iştirak edəcəyini bildirib: “Təlimlərdə ümumilikdə 15 nəfər iştirak edəcək. Onlardan 2 nəfəri veb-texnologiyaları üzrədir. Təlimlər iki həftə davam edəcək və sonda iştirakçılar sertifikatla təltif olunacaqlar”.
Qeyd edək, veb-texnologiyaları üzrə “Skills Azərbaycan 2023” milli yarışı Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” təşkilatının əməkdaşlığı, “Bestcomp Group” və “ATL Academy”nin sponsorluğu çərçivəsində keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər