“Huma quşu” Təhsilə yardım fondu hesabat verib

“Huma quşu” Təhsilə yardım fondu hesabat verib ADA Universiteti, “Huma quşu” Təhsilə yardım fondu (Fond) və Cadenza orkestrinin birgə təşkilatçılığı ilə Fondun 2022-2023-cü illər üzrə fəaliyyətinə həsr olunmuş “Bir ilin nəticələri” adlı tədbir keçirilib.
Tədbirdə akademik və diplomatik qurumların nümayəndələri, tələbələr, Humayın dostları və həmkarları, eləcə də media təmsilçiləri iştirak ediblər.
Tədbirdə ADA Universitetinin prorektorunun məsləhətçisi, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın və “Huma quşu” Təhsilə yardım fondunun prezidenti Şəhla Vəzirovanın çıxışları dinlənilib.
Bildirilib ki, Humay Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədilə yaradılmış Fond ADA Universiteti və bir sıra başqa qurumlarla təhsilə yardım istiqamətində əməkdaşlıq edir.
Tədbirdə Humayın dostu və keçmiş meneceri Clare Bebbington xatirələrini bölüşüb.
Mərasimdə bakalavr və magistr təhsilini davam etdirən gənclər, eləcə də İkinci Qarabağ müharibəsi qazilərinin Fondun dəstəyi ilə reallaşmış arzuları və nikbin planlarını, həmçinin yeni qrant proqramlarını, ümumilikdə isə Fondun birillik fəaliyyətini əks etdirən hesabat xarakterli təqdimat və film nümayiş olunub.
Tədbir Türkər Qasımzadənin idarə etdiyi Cadenza müasir musiqi orkestrinin “Ulduzların laylası” konsert proqramı ilə başa çatıb. Proqramda Cadenza orkestri və solistlər Jalə Rəsulova (piano) və Fərid Feyzullayevin ifasında Fərəc Qarayev, Rəhilə Həsənova, Nicola Matteis, Antonio Vivaldi və Franz Schubertin əsərləri səsləndirilib.
Qeyd edək ki, Fondun bir illik fəaliyyətinə həsr olunmuş daha bir tədbir cari ilin oktyabr ayında Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycanın Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzində keçirilib, xaricdə yaşayan soydaşlarımızın böyük marağı və əməkdaşlıq təkliflərinə səbəb olub.
Fondun fəaliyyəti barədə ətraflı məlumat, proqramlarda iştirak üçün ərizə forması və ianə məqsədilə Fondun hesabına keçid feysbuk səhifəsində və humagushu.az saytında yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər