Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncliyə Yardım Fondunda növbəti xeyriyyə sərgisi keçirilib

Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncliyə Yardım Fondunda növbəti xeyriyyə sərgisi keçirilib 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hər il olduğu kimi, Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə martın 7-də Azərbaycan və Türkiyə xanımlarının əl işlərindən ibarət növbəti xeyriyyə sərgisi təşkil olunub.
Fondun təşkilatçılığı ilə həyata keçirilən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və qardaş ölkələrimizin dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim tədbirdə çıxış edərək fondun ölkəmizdə təhsil, mədəniyyət, xeyriyyəçilik, sosial və ictimai sahələrdə həyata keçirdiyi tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, fond artıq 16 ildir təşkil etdiyi xeyriyyəçilik aksiyalarını hər il müxtəlif layihələrə həsr edir. Üç gün davam edəcək builki xeyriyyə sərgisindən əldə olunacaq vəsait fondun “Sabahlara ümid ol” və “Kitabın işığın olsun” layihələrində istifadə ediləcək. Layihə çərçivəsində valideyn himayəsindən məhrum, şəhid övladları və ehtiyac sahibi ailələrin uşaqları üçün dərs ləvazimatları, geyim əşyaları alınacaq, görmə məhdudiyyətli uşaqlar üçün Brayl əlifbası ilə kitablar nəşr etdiriləcək.
Türkiyənin Azərbaycandakı səfirinin xanımı Meltem Özoral, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı və digərləri çıxışlarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar. Çıxışlarda qardaş ölkələrimizdə qadınların hüquqlarının təmin olunması istiqamətində görülən işlərdən danışılıb, onların ölkələrimizin ictimai-siyasi həyatında fəal rol oynadıqları qeyd edilib.

Tehsil-press.az

Oxşar xəbərlər