AMEA-nın Kimya Elmləri Bölməsi əməkdaşlarının 236 məqaləsi impakt faktorlu jurnallarda dərc olunub

AMEA-nın Kimya Elmləri Bölməsi əməkdaşlarının 236 məqaləsi impakt faktorlu jurnallarda dərc olunub AMEA Rəyasət Heyətinin Kimya Elmləri Bölməsinin (KEB) 2023-cü il üzrə hesabatının müzakirəsinə həsr olunmuş iclası keçirilib.
İclasda akademik Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsini təqdim edib.
Akademik Dilqəm Tağıyev bildirib ki, 2023-cü ildə bölmə əməkdaşlarının 6 kitabı (1-i xaricdə), 11 monoqrafiyası (3-ü xaricdə), 407 məqaləsi (224-ü xaricdə), 821 tezisi (264-ü xaricdə), 5 dərslik və dərs vəsaiti çap edilib. Məqalələrdən 236-sı “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 4900 istinad qeydə alınıb. Bölmə üzrə elmi müəssisələrin patent almaq üçün 48 iddia sənədi verdiyi, 61 patentin ekspertizada olduğu, respublikada 40 patentin alındığı diqqətə çatdırılıb.
Dilqəm Tağıyev 35 yaşa qədər fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantlar arasında “Heydər Əliyev təqaüdü”nün təsis olunduğunu, “Ən yaxşı elmi məruzə” müsabiqəsi və bir sıra konfransların keçirildiyini, “Ulu Öndər Heydər Əliyevin neft və neft emalı strategiyası” və digər kitabların çap edildiyini bildirib. Akademik, eyni zamanda, beynəlxalq SCİMAGO tədqiqat mərkəzi tərəfindən dünyanın 233 ölkəsinin bütövlükdə və ayrı-ayrı elm sahələri üzrə 2022-ci ilin bibliometrik nəticələrinə görə reytinq cədvəlini tərtib etdiyini, ictimai elmlər, kimya, riyaziyyat, Yer elmləri və kompüter elmləri sahəsində Azərbaycanın Cənubi Qafqazda 1-ci yerdə qərarlaşdığını vurğulayıb. O, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər barədə məlumatları diqqətə çatdırıb.
Müzakirələrdən sonra Kimya Elmləri Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib. Əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.

Tehsil-press.az




Oxşar xəbərlər