Gənc alimlər Sankt-Peterburq Dövlət Universitetinin Elm Parkı ilə tanış olublar

Gənc alimlər Sankt-Peterburq Dövlət Universitetinin Elm Parkı ilə tanış olublar Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Hüsüyeva və Elmi avadanlıqlardan ümumi istifadə sektorunun müdiri Emin Hüsüyev Sankt-Peterburq Dövlət Universitetində (SPDU) ezamiyyətdə olublar.
Ezamiyyətin məqsədi gələcəkdə Botanika İnstitutunda yaradılacaq laboratoriyaların imkanlarının və riskinin müəyyənləşdirilməsi olub.
Əvvəlcə əməkdaşlar Sankt-Peterburq Dövlət Universitetinin Elm Parkının nəzdində fəaliyyət göstərən 25 resurs mərkəzi haqqında ətraflı məlumat əldə ediblər. Onlara məlumat verilib ki, bu mərkəzlər universitetin İnkişaf Proqramının əsas istiqamətləri üzrə “Nanotexnologiyalar və materialşünaslıq”, “Biotibb və insan sağlamlığı”, “Ekologiya və ətraf mühitin idarə edilməsi”, “İnformasiya sistemləri və texnologiyaları” qruplarında birləşdirilib.
“Nanotexnologiyalar və materialşünaslıq” qrupu üzrə fəaliyyət göstərən Maddənin tərkibinin təhlili üsulları resurs mərkəzinin direktoru Yevgeniy Serebryakov bildirib ki, mərkəz analitik kimya sahəsində elmi-tədqiqat işlərinin aparılması məqsədilə yaradılıb və burada müxtəlif tədqiqat metodlarından istifadə etməklə fərqli mürəkkəblikdə olan maddələrin təhlilini aparmaq mümkündür. Direktor, həmçinin mərkəzin əsas iş istiqamətləri barədə gənc əməkdaşlarla nəzəri və praktiki biliklərini bölüşüb.
Görüşün sonunda birgə əməkdaşlıq perspektivləri müzakirə edilib. Gələcəkdə bu əməkdaşlığın inkişafı ilə bağlı müəyyən ilkin razılıq əldə olunub.
Botanika İnstitutunda keçirilən seminarda gənclərin “Botanika İnstitutunun texniki bazasının gücləndirilməsi məqsədilə SPDU Elmi Park modelinin öyrənilməsi” mövzusunda ezamiyyətin nəticələrinə dair məruzələri dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər