AMEA-nın Botanika İnstitutu beynəlxalq elmi layihələri uğurla davam etdirir

AMEA-nın Botanika İnstitutu beynəlxalq elmi layihələri uğurla davam etdirir Qafqazın, o cümlədən Azərbaycanın bitki müxtəlifliyinin mühafizəsi və davamlı istifadəsi üzrə Kyu Kral Botanika Bağları ilə AMEA Botanika İnstitutu arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən beynəlxalq elmi layihələr və əməkdaşlıq münasibətləri uğurla davam etdirilir.
Əməkdaşlıq çərçivəsində ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri Naibə Mehdiyeva, Toxum Bankı sektorunun müdiri Aidə İbrahimova və gənc mütəxəssis Nigar Mürsəlqızı Londonda elmi ezamiyyədə olublar.
Ezamiyyətin məqsədi Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığı (MTBT) ilə birgə həyata keçirilən “Qlobal Ağac Toxum Bankı” və bu il uğurla tamamlanmış “Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanılması” layihələrinin müzakirəsi olub.
MTBT-nin Qafqaz regionu üzrə proqramlarının əlaqələndiricisi Aishay Faruk ilə görüşdə müştərək beynəlxalq layihələr üzrə həyata keçirilən tədqiqat işlərinin nəticələrinə və gələcək perspektivlərinə dair müzakirələr aparılıb. Həmçinin “Kew MPNS” internet portalının təsisçisi Bob Allkinlə birlikdə Azərbaycanın zəngin dərman bitki növlərinin adlarının “Kyu Dərman Bitki Adlarının Xidməti” (Kew: Medicinal Plant Names Services) internet portalının online məlumat bazasına daxil edilməsi məqsədilə planlaşdırılan birgə layihə müzakirə olunub və ilkin addımlar atılıb.
Səfər çərçivəsində bir sıra alimlərlə görüşlər keçirilib, bitkilərin “in vitro” şəraitdə çoxaldılması, biomüxtəlifliyin ekosistem səviyyəsində ekoloji modelləşdirilməsi, dərman bitkilərinin kimyəvi tərkibinin tədqiqi, GİS texnologiyaları və digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər