Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür

Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür Görkəmli Azərbaycan alimi, tarix elmləri doktoru Sara Aşurbəylinin doğum günüdür. Sara Aşurbəyli həyatını Azərbaycan elminə, tarixinə, mədəniyyətinə xidmətə həsr edən ziyalılarımızdan biridir. Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhərin) tarixi ilə bağlı tədqiqatlarıdır.
Görkəmli tarixçi-alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salaq. 1906-cı ildə Bakıda neft sənayeçisi ailəsində dünyaya göz açan Sara Aşurbəyli orta əsrlər Azərbaycan şəhərləri tarixinin ilk araşdırıcılarından olub. O, ilk və yeganə tarixçidir ki, öz həyatını Bakının (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edib. Bu əsərlərdə Qədim Bakının yaranma tarixi, orta əsrlər Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunub. Minillik tarixə malik, İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial, siyasi, iqtisadi, mədəni həyatı VI əsrdən XVI əsrə kimi zəngin mənbələr əsasında araşdırılıb, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunub. Alim bu tədqiqatları əsasında Sankt-Peterburqda namizədlik, Tbilisidə isə 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan tarixində bu gün də önəmli rol oynayan dəyərli tarix kitablarının, monoqrafiyaların, yüzlərlə məqalənin müəllifi olan Sara xanım Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı kimi yüksək adlara, 1996-cı ildə 90 illik yubileyi ərəfəsində Azərbaycanın ali mükafatına - “Şöhrət” ordeninə layiq görülüb. O, orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq dünyada tanınır. “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir.
Tarixçi-alimin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev alimin 90 illiyi münasibətilə ona ünvanlandığı məktubda yazmışdır: “...Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”.
Sara xanım təkcə vurğunu olduğu tarix sahəsi ilə kifayətlənməyib. O, həm də gözəl rəssam və musiqiçi idi. Dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləyib. Müəllimi, dahi bəstəkar Üzeyir Hacıbəylinin dəvəti ilə 15 il konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) xarici dildən dərs deyib. Sonralar Milli Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonunadək akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışıb.
Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında vəfat edib.

Tehsil-press.az


Oxşar xəbərlər