Prorektor: Türkiyə-Azərbaycan Universitetinin yaradılması dövrün tələbidir

Prorektor: Türkiyə-Azərbaycan Universitetinin yaradılması dövrün tələbidir Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri hər sahədə olduğu kimi, təhsil sahəsinə də sirayət edir. Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında anlaşma memorandumunun imzalanması təhsil ictimaiyyəti üçün çox əlamətdar oldu. Türkiyə və Azərbaycanın təhsil sistemləri arasında müəyyən fərqlər var. Kreditlərin hesablanması, fənlərlə bağlı bəzi məsələlər uyğunlaşdırılmalıdır. Bundan əlavə, hazırda Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu, digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrdən 5-6 dəfə çoxdur. Azərbaycanda təhsil alan xarici tələbələr arasında da bu analogiya izlənilir. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universitetinin xarici tələbələrinin təxminən 90 faizini Türkiyədən olan tələbələr təşkil edir.
Bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru professor Akif Qasımov deyib.
“Bütün bunları göz önünə gətirəndə görürük ki, Türkiyə ilə birgə universitetin yaradılması dövrün tələbidir. Universitetlər arasında mübadilə, professor-müəllim heyətinin qarşılıqlı olaraq dəvət edilməsi, kitabxanaların formalaşması bütün dünyada geniş vüsət alıb. Universitetin yaradılması həm xarici tələbə axınına səbəb ola bilər, həm də yerli tələbələrin daha yüksək balla həmin ali məktəbə üstünlük verməsinə gətirib çıxara bilər. Düşünürəm ki, bu istiqamətdə həm Azərbaycan, həm də Türkiyə üçün təcrübə mübadiləsi çox əhəmiyyətlidir. Əlbəttə ki, ölkələrimiz və xalqlarımız üçün mühüm əhəmiyyətə malik olan bu prosesdə Memarlıq və İnşaat Universiteti olaraq hər cür dəstək göstərməyə hazırıq”, - deyə professor A.Qasımov əlavə edib.

Tehsil-press.az




Oxşar xəbərlər