Elmi şuranın növbəti iclası keçirilib - rektor prioritet istiqamətləri açıqlayıb

Elmi şuranın növbəti iclası keçirilib - rektor prioritet istiqamətləri açıqlayıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi şurasının iclası keçirilib.
Iclasda əvvəlcə Landşaft memarlığı kafedrasının müdiri professor Aybəniz Həsənovanın 80 illik yubileyi qeyd olunub. Elmi şuranın sədri professor Gülçöhrə Məmmədova Aybəniz Həsənovanın həyat və fəaliyyətindən söhbət açıb, landşaft memarlığı sahəsində gördüyü işləri diqqətə çatdırıb. Rektor yubilyarı müəllim adının şərəfini həmişə uca tutan, tələbələrinin uğurlarına sevinən pedaqoq, ziyalı alim, xeyirxah insan kimi dəyərləndirib. Çıxışının sonunda Aybəniz Həsənovanı 80 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, gələcək işlərində uğurlar arzulayıb. Şura üzvləri də kafedra müdiri barədə müsbət fikirlər səsləndiriblər.
Sonra Elmi şuranın gündəliyində duran məsələlər diqqətə çatdırılıb.
Gündəliyin ilk məruzəsi rektor Gülçöhrə Məmmədovanın “Rektorluğun 2023-cü il üzrə fəaliyyəti barədə” hesabatı olub. Rektor çıxışında 2022-ci ildə əldə olunan uğurlar, nailiyyətlər və çatışmazlıqlarla bağlı ətraflı məlumat verib. Tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, elmi potensialın gücləndirilməsi, universitetin beynəlxalq reytinqlərdəki mövqelərinin irəli pillələrə daşınması, xüsusilə AzMİU alimlərinin inpakt faktorlu jurnallardakı məqalə saylarının artırılması, həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda yetişdirilməsi prioritet istiqamətlər olaraq elan edilib.
AzMİU-nun baş mühasibi Sarı Yusubovun 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı dinlənildikdən sonra Elmi şura üzvlərinin sualları cavablandırılıb və məruzələr üzrə təkliflər dinlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər