Aşqarlar Kimyası İnstitutu ilə UFAZ arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Aşqarlar Kimyası İnstitutu ilə UFAZ arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev qonaqlara institutun yaranma tarixi, əsas elmi istiqamətləri, əldə etdiyi nəticələr, yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq, dünyanın aparıcı elmi mərkəzləri ilə yerinə yetirilən müştərək beynəlxalq tədqiqatlar haqqında geniş məlumat verib.
UFAZ-ın icraçı direktoru Vazeh Əskərov təmsil etdiyi universitetin fəaliyyətindən bəhs edib. Bildirib ki, UFAZ-ın fəaliyyət istiqamətində əsas məqsəd mükəmməl və beynəlxalq səviyyəli universitet qurmaq, həm Fransa, həm də Azərbaycan üçün qarşılıqlı faydalı, yüksəksəviyyəli, uzunmüddətli elmi-texniki əməkdaşlığı yaratmaq və inkişaf etdirməkdir. Azərbaycanın ali təhsil sistemində aparılan islahatları təşviq etmək, sənayedə, xüsusən elm və yüksək texnologiyalar sahələrində fransız və ingilisdilli yüksəkixtisaslı kadrlar yetişdirmək, iki ölkə arasında elm və təhsilin vahid platformasını yaratmaq da fəaliyyət istiqamətlərinə daxildir.
Görüşdə ikitərəfli əməkdaşlıq perspektivləri, UFAZ-ın yeni yaradılmış Elmi araşdırmalar departamenti ilə AKİ-nin layihələr həyata keçirməsi, eləcə də universitetin bakalavr və magistr tələbələrinin institutun laboratoriyalarında təcrübə keçməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər