“Belə müəllimlərin sinif otağına girməyə belə haqqı çatmır”

“Belə müəllimlərin sinif otağına girməyə belə haqqı çatmır” “Elm və Təhsil Nazirliyinin təşkil etdiyi təhsilverənlərin sertifikalaşdırma prosesi kifayət qədər humanistdir. Mən nazirliyin mövqeyini müdafiə etmirəm. Onların da fəaliyyətində müəyyən dərəcədə çatışmazlıq və qüsurlar mövcuddur. Bəzi problemlərin kökündə də bu səbəb dayanır. Bunu zaman-zaman dilə gətirmişik, yenə də deyəcəyik. Amma bir məsələ də etiraf edilməlidir. Buna tamamilə əmin ola bilərsiniz ki, müəllimlərin sertifikatlaşdırılması prosesi çox humanist və rahat formada həyata keçirilir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

O, sertifikasiya imtahanı ərəfəsində səsləndirilən iddiaları şərh edib.

E. Nurinin sözlərinə görə, bu müddət ərzində ortaya çıxan narazılıqlar əsassızdır:

“Təəssüf ki, 3-cü ilə keçməyinə baxmayaraq, sertifikasiya ərəfəsində yenə də şikayətlər eşidilir. “Çox yaxşı” dəlil tapıblar ki, universitet zamanı tətbiq edilən fənlərlə sertifikasiya imtahanında düşən suallar uyğunluq təşkil etmir. Bu sözü deyənlərə biri başa salsın ki, onlar abituriyent yox, müəllimdirlər. Sertifikasiya prosesinin əsas məqsədi təhsilverən şəxsin pedaqoji səriştəsinin və kadr olaraq göstəricisinin necə olduğunu yoxlamaqdır.

İfadə etdikləri fikir çox əsassızdır. Sertifikasiya, yaşından asılı olmayaraq, bütün müəllimlərə şamil olunur. Bu dəlilt necə doğru ola bilər ki, 65 yaşlı müəllimlə 25 yaşlı müəllim eyni imtahanı verir. Belə olan halda hansı tədris proqramından bəhs edə bilərik? Sertifikasiya ixtisasla bağlı verilən çox səthi suallarla müəllimlərin ibtidai biliyinin mövcudluğunu yoxlayır. Sertifikasiyadan uğurlu keçən müəllimlər də bu faktı təsdiqləyəcək. Ancaq bir qrup hazırlıqsız müəllim var ki, bəzi məsələlərdə demək olar ki, bəhanə axtarırlar. Belə müəllimləri dəfələrlə müdafiə etdiyim doğrudur. Bildirmişəm ki, bəzi narazı müəllimlər haqsız deyillər. Sadəcə müəyyən nüanslar var. Məsələn, İKT imkanlarından düzgün istifadə edə bilməmək, psixoloji gərginlik faktoru kimi məqamlar onların bildiklərini tətbiq edə bilməsinə mane olur. Lakin bunu imtahanda aşağı nəticə göstərən bütün müəllimlərə aid etmək olmur. Çünki elə asan suallar var ki, bunu səhv cavablandırmağın səbəbini nə gərginlik, nə də texnologiya bilgisizliyi kimi qələmə vermək mümkündür”.

Ekspert vurğulayıb ki, müəllim illərdir tədris etdiyi fənlə bağlı ən azı 30 suala cavab verə bilməlidir:

“İmtahana 60 sual salınır, amma müəllimin sertifikasiyadan kəsilməməsi və maaşına 10 faiz artımın edilməsi üçün iki sualdan birini düzgün cavablandırması lazımdır. İmtahan verdiyi fənni illərdir tədris edən müəllim bu prosesdən üzü ağ çıxa bilmirsə, deməli, o həmin müddətdə boşu-boşuna çalışıb.

Gəlin, özümüzü aldatmayaq. Bəli, istisnalar həmişə var. Deyə bilərik ki, elə peşəkar müəllimlər var ki, onlarda imtahan vərdişi sıfırdır. Fəqət bu rəqəm uzağı bütün müəllimlərin 1 faizinə aid ola bilər. Bütün imtahandan kəsilənlərə bunu şamil etmək olmaz. Həmçinin, dövlət tərəfindən həmin şəxslərə əlavə olaraq, 1 il də əlavə vaxt verilir, onlara əlavə kurs, seminarlar təşkil edilir. Biz daha nə istəyirik? Bütün bunlardan sonra sertifikasiyadan kəsilən müəllimin məktəbdə qalması, sinif otağının qapısını aralamasına mənəvi haqqı yoxdur. Buna əmin ola bilərsiniz”.

E.Nuri qeyd edib ki, söhbət təhsildən gedirsə, burada bir yerə qədər humanizm göstərilməlidir:

“Ötən il sertifikasiyadan ikinci dəfə kəsilən təhsilverənlər 743 nəfər idi. Bu şəxslərə humanist davranış göstərildi və müəllimlikdən əlavə onlara texniki işlər verildi. Amma humanizm də bir yerə qədərdir. Burada əsas məsələ təhsildir, gələcəyimiz olan şagirdlərin yetişmə mexanizmidir. Ona görə də, səsləndirilən bütün dəlilləri əsassız hesab edirəm və müəllimlərin öz üzərində bacardıqları qədər işləməsi lazım olduğunu bildirirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər