ADU-da mediatur təşkil olundu

ADU-da mediatur təşkil olundu İyunun 24-də Azərbaycan Dillər Universitetində (ADU) 2023-2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub.

Axar.az xəbər verir ki, media nümayəndələri və millət vəkilləri imtahan zalında olub, imtahan prosesini izləyiblər. KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla mediaturda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, millət vəkillərinin, media nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib:

“Bildiyiniz kimi ADU ötən il olduğu kimi bu ildə beynəlxalq QS reytinqlər cədvəlində növbəti uğura imza atıb. Belə ki, reytinqdə 104 məkandan 1559 ali təhsil müəssisəsi iştirak edib. Onlardan 64 ali təhsil müəssisəsinin iştirakı ilk dəfə qeydə alınıb. Bu il reytinqin qiymətləndirmə metodologiyasında 3 əsas indikator nəzərə alınıb: davamlılıq, məşğulluq nəticələri və beynəlxalq tədqiqat şəbəkəsi. Bura eyni zamanda akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq da daxildir.

Azərbaycan Dillər Universiteti ölkə üzrə ən yaxşı nəticə əldə edərək “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub.

Həmçinin bu yaxınlarda dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib.

Azərbaycan Dillər Universiteti "THE Impact 2024"də yer alan universitetlərdən biridir.

Ümumilikdə 125 ölkədən 2152 universitetin dəyərləndirildiyi reytinqdə Azərbaycan universitetləri arasında Azərbaycan Dillər Universiteti əhəmiyyətli nəticələr əldə edib”.

Bildirilib ki, 17 müxtəlif istiqamət və kriteriyalar üzrə dəyərləndirilən "THE Impact 2024" reytinq cədvəlində Azərbaycan Dillər Universiteti "Gender bərabərliyi", "Təhsilin keyfiyyəti", "Ləyaqətli iş və iqtisadi inkişaf", "Məqsədlər üçün tərəfdaşlıq" meyarlarına əsasən qiymətləndirilib və 1001-1005-cü yerləri tutub.

Görüşdə qeyd olunub ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilib.

Tələbələrin imtahan nəticələri birbaşa onların şəxsi kabinetlərinə göndərilir. Bu da tələbələrin öz nəticələrini daha operativ və obyektiv bilməsi üçün mühüm amillərdən biridir.

Sessiyanın gedişinə nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb.

Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər