ADU-da imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur keçirilib

ADU-da imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur keçirilib Azərbaycan Dillər Universitetində (ADU) 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri, təhsil ekspertləri və QHT təmsilçilərinin iştirakı ilə mediatur təşkil olunub.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqlarla görüşüb, faydalı və gələcək perspektivlər istiqamətində fikir mübadiləsi aparılıb.
KİV nümayəndələri, təhsil ekspertləri və QHT təmsilçiləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. Qonaqlar ADU-da imtahan sessiyasının təşkilini yüksək qiymətləndirib, bu barədə öz fikirlərini bölüşüblər.
Mediaturda qeyd olunub ki, 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə 30 dekabr 2019-cu ildən 1 fevral 2020-ci ilədək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat, əlavə vaxta ehtiyac yarandığı halda nəzərə alınması müəyyənləşdirilib.
Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.
ADU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər