Ali təhsil ocağında Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Ali təhsil ocağında Beynəlxalq Müəllimlər Günü qeyd edilib 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Dövlət Universitetində tədbir keçirilib. Tədbirdən öncə əlamətdar günə həsr olunmuş Naxçıvan Dövlət Universiteti televiziyasının hazırladığı videoçarxa baxış olub.

Ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin timsalında bütün pedaqoqları əlamətdar gün münasibətilə təbrik edib, müəllim əməyinin, zəhmətinin əhəmiyyətindən bəhs edib. Rektor diqqətə çatdırıb ki, müəllim adına hər zaman yüksək dəyər verən xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğı bu gün uğurla davam etdirilir. Dahi liderin bu sahədə müyyən etdiyi siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin himayəsi və qayğısı ilə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Elbrus İsayev bildirib ki, ölkəmizin aparıcı ali təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universitetində çalışan professor-müəllim heyəti də müəllimlər üçün yaradılan şəraitdən bəhrələnərək gələcəyin peşəkar, ixtisaslı kadrlarını hazırlayırlar. Hər il keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq NDU-nun müxtəlif müəllimlik ixtisasını seçən tələbələrin sayında artımın müşahidə olunması onu göstərir ki, cəmiyyətimizdə şərəfli müəllim adına dəyər verilir, peşəkar pedaqoqların davamçıları hazırlanır. Bir sözlə, bu gün modernləşmə yolunu əsas prioritet seçən Naxçıvan Dövlət Universitetində yeni dövrün tələblərinə uyğun pedaqoq kadrlar hazırlanır. Məruzəçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərin ali təhsil ocağının professor-müəllim heyəti tərəfindən icrasından bəhs edib.

Naxçıvan Dövlət Universitetinin “Ümumi tarix” kafedrasının dosenti, qocaman müəllim, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov ali təhsil ocağında müəllim əməyinə verilən dəyəri yüksək qiymətləndirib. 54 illik müəllimlik fəaliyyətdə savadlı, vətənə bağlı gənclərin yetişməsində göstərdiyi xidmətlərdən danışıb. İsmayıl müəllim diqqətə çatdırıb ki, istər 2020-ci ildə başlanan şərəfli 44 günlük Vətən müharibəsində, istərsə də ötən il Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ iqtisadi rayonunda aparılan uğurlu 24 saatlıq antiterror əməliyyatında Azərbaycan əsgərinin ortaya qoyduğu hünər və rəşadət bir daha göstərdi ki, Azərbaycan müəllimi vətənpərvər, elinə-obasına bağlı bir nəsil hazırlaya bilib. Məktəbdən səngərə doğru şərəfli yol keçən Azərbaycan əsgəri həm də bu vətənpərvərlik gücünü bir zamanlar öz müəllimindən əxz edib.

“Stomatologiya” kafedrasının müəllimi, NDU-nun ən gənc pedaqoqu Aygün Yusifova müəllimlərin peşə bayramını təbrik edərək qeyd edib ki, onların yetişdirdiyi gənclər dünyanın fərqli ölkələrində universiteti təmsil edirlər. O, təhsilin cəmiyyət üçün davamlı inkişafını şərtləndirən əsas amillərdən bəhs edib.

Qəbul imtahanlarında ən yüksək ballardan birini- 650 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasını seçən I kurs tələbəsi Gülay Kərimli qeyd edib ki, artıq bu gün uşaqlıqdan arzusunda olduğu müəllimlik ixtisasında təhsil almağa nail olub. Gələcəkdə bu şərəfli peşənin davamçılarından olacağı üçün qürurludur.

Sonra İncəsənət fakültəsi ilə Musiqi Kollecinin birgə təşkil etdiyi bir-birindən möhtəşəm musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb.

Tehsil-press.az

Oxşar xəbərlər