Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı olub

Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı olub Oktyabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi Azərbaycan Dillər Universitetinin qonağı olub.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla səfiri səmimiyyətlə salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayan rektor bu ilin iyun ayında ADU-da açılan Şeyx Zayed adına Ərəb dili auditoriyasının ölkələrimiz arasındakı əlaqələrin inkişafına təkan verdiyini bildirib. Qeyd olunub ki, bu mərkəz Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyətini, tarixini daha dərindən öyrənmək üçün əlverişli imkanlar yaradır. Mərkəzin potensialından istifadə edən gənclər ərəb mənəvi dünyasına daha yaxın olacaq, ərəb mədəniyyətinin özəllikləri ilə yaxından tanış olacaqlar.

Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını ifadə edən Məhəmməd Əl Bluşi bildirib ki, hazırda ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. ADU-da açılan Şeyx Zayed adına Ərəb dili auditoriyasının açılışında göstərdiyi dəstəyə görə ADU-nun rektoru Kamal Abdullaya dərin təşəkkürünü bildirən səfir bu qurumun fəaliyyətinin xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Mərkəzin açılışı iki ölkə arasındakı münasibətlərin genişləndirilməsinin bariz nümunəsidir. Şeyx Zayed adına Ərəb dili auditoriyası ölkələrimiz arasında mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin davamlılığında möhtəşəm körpü olacaq. Gələcəkdə mərkəzin faəliyyət dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Bu mərkəz ərəb dilini öyrənmək və Birləşmiş Ərəb Əmirlikləri haqqında məlumat əldə etmək istəyənlərin əsas maraq yerinə çevriləcək.

Gələcək elmi əməkdaşlıq, müəllim və tələbə mübadiləsi müzakirələri ilə davam edən görüşdən sonra Məhəmməd Əl Bluşi “Səfir saatı” çərçivəsində Şeyx Zayed adına Ərəb dili auditoriyasında tələbələrlə görüşüb, “Birləşmiş Ərəb Əmirliklərində təhsil” adlı mühazirə oxuyub. Sonra tələbələrin mövzu ətrafında marağına səbəb olan sualları cavablandıran səfir Birləşmiş Ərəb Əmirliklərində təhsil almaq imkanları barədə geniş məlumat verib. Tələbələr ərəb dilində şeir səsləndiriblər.

Görüş Birləşmiş Ərəb Əmirliklərinin universitetləri haqqında videoçarxın nümayişi ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər