Forum Azərbaycanda Transmilli Təhsilə dəstək məqsədi daşıyıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı təqdimatlar olub, müzakirələr aparılıb.
Azərbaycanda mövcud Transmilli Təhsil (TT) səviyyəsini tədqiq etmək və bununla bağlı imkan və maneələri araşdırmaq üçün British Council tərəfindən aparılan tədqiqatların nəticəsi Britaniya Şurasının Qlobal Tədqiqat Şöbəsinin Meneceri Nilgün Yalçın tərəfindən təqdim edilib. Bu tədqiqatlar universitetlərin fəaliyyətini qiymətləndirmək sahəsində qlobal təcrübəyə malik təhsil şirkəti Times Higher Education (THE) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqatın məqsədi qlobal Transmilli Təhsil ənənələrini işıqlandırmaq, universitet və dövlətlərin beynəlmiləlləşmə siyasətinə dəstək olmaqdır.
Forumda Səfir müşaviri Eduard Evanz, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Britaniya Şurasının Ölkə üzrə Direktoru, xanım Nərgiz Hacıyeva açılış nitqi ilə çıxış ediblər. Daha sonra Özbəkistanın Westminster Beynəlxalq Universitetinin rektoru Komiljon Karimov, ADNSU rektoru Rüfət Əzizov, Warwick Universitetinin Strateji İnkişaf üzrə direktoru Gareth R., ADA Universitetinin prorektoru Vəfa Kazdal tərəfindən təqdimatlar edilib. Azərbaycan və Böyük Britaniya arasında Transmilli Təhsilin inkişafına dəstək olaraq Özbəkistan və Azərbaycanın bu sahədəki təcrübələrinə dair tədqiqatların nəticələri geniş auditoriyanın diqqətinə çatdırılıb.
Azərbaycan ali təhsil müəssisələri ilə müxtəlif ölkə universitetləri arasında icrası davam edən ikili diplom proqramları barədə təqdimatlar, qlobal təhsil təcrübəsi kimi mövzular ətrafında müzakirələr olub, forum iştirakçılarının sualları cavablandırılıb.
Şəbəkələşmə mərhələsində Britaniya Şurası rəsmiləri, yerli ATM nümayəndələri və EATDA rəsmiləri ilə forumda təmsil olunan Naxçıvan Dövlət Universitetinin rəhbərliyi arasında fikir mübadiləsi aparılıb, potensial əməkdaşlıq imkanları müzakirə olunub.



Tehsil-press.az