
Öncə qədim xalq çalğı alətləri nümayiş etdirilib. Nəfəsli alətlər, tar, rud, bərbət, oğuz qopuzu, Naxçıvan tənburu, çəqanə, rübab, çəng, ud, qanun olmaqla 25-ən yaxın digər alət konsert iştirakçılarına təqdim edilib. Ardınca “Qədim musiqi alətlərinin təsviri rəssamlıq əsərlərində” adlı sərgiyə baxış keçirilib.
Konsertdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, universitetin rəhbər heyəti, müəllim və tələbələri, universitet nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin kollektivi iştirak ediblər. Naxçıvan Dövlət Universiteti və Musiqi Kollecinin müəllim və tələbələri tərəfindən təqdim edilən müxtəlif musiqi və rəqs nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. "Şüştər rəngi", "Naxçıvan", "Alça gülü", "Sarı gəlin", "Gilənar", "Apardı sellər Saranı", "Güllü qafiyə" kimi musiqi kompozisiyaları xoş ovqat yaradıb. Qeyd edək ki, ansamblın bədii rəhbəri və yaradıcısı, konsertmeyster, tarzən, Musiqi Kollecinin müəllimi Fətəli Axundzadədir.
Sonda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konserti yüksək qiymətləndirib. Universitetin İncəsənət fakültəsinin və Musiqi Kollecinin muxtar respublikanın mədəni həyatında mühüm rol oynadığını vurğulayıb. Konsertlərin universitetin sənət ənənələrinə verdiyi töhfədən bəhs edib, ali təhsil ocağının ansambıl və orkestrlərin paytaxtda və ölkədən kənarda baş tutan uğurlu çıxışlarını diqqətə çatdırıb. Rektor unudulmaqda olan qədim musiqi alətlərinin təmiri və təqdimatının gənc nəslə nümunə olduğunu bildirib. Elbrus İsayev kollektivi təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.
Tehsil-press.az