HEYDƏR ƏLİYEV HƏMİŞƏ QƏLBİMİZDƏDİR

HEYDƏR ƏLİYEV HƏMİŞƏ QƏLBİMİZDƏDİR Hələ sağlığında əfsanəyə çevrilən və adı Azərbaycanın rəmzi kimi səslənən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir səxsiyyətləri sırasında özünə yeri olan lider olmuşdur. O, müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə qalxmağa nail olmuş və əsl fatehlik keyfiyyətləri göstərməyi bacarmış, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin təbirincə desək, “Heydər Əliyev Azərbaycanı israrla və demokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. Biz, indiki nəsil bunun canlı şahidləri, ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilməsinə başlanmış böyük quruculuq işlərinin iştirakçısıyıq.
Müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli lider, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Bugünkü azad və suverən Azərbaycan ulu öndərin şah əsəridir. Ölkə məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru davamlı olaraq uğurlu addımlar atır. Azərbaycanın ən yeni tarixinin 40 illik bir mərhələsi Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyev şəxsiyyətinə ehtiram və ümumxalq sevgisi əbədidir. Çünki bu böyük insan bütün həyatı boyu Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə mübarizə aparmış, bu yolda taleyin sərt sınaqlarından alnıaçıq, üzüağ çıxmışdır.
Tarix ulu öndər Heydər Əliyev kimi insanları yüz, bəlkə də min ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edilmişdi.
Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır.
Ümummilli liderimiz Heydər Əliyevin ideyalarının davamçısı olan layiqli siyasi varis, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir.

Lümunət Kərimova,
XXI əsr Beynəlxalq Təhsil və
İnnovasiya Mərkəzinin direktoru,
qabaqcıl Təhsil işçisi

Oxşar xəbərlər