Bakı Hərbi Məhkəməsində zərərçəkmiş şəxs Amin Musayev də ifadə verənlərin arasında olub.
O, ifadəsində 2020-ci ildə Vətən müharibəsi zamanı güllə yarası aldığını, yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində hər gün işgəncələrə məruz qaldığını bildirib.
O, noyabrın 8-də Şuşa və Xankəndi şəhərləri arasındakı ərazidə yaralandığını, noyabrın 11-də əsir götürüldüyünü deyib. Əsir götürülən vaxt ona qarşı nalayiq ifadələr işlədilib. A.Musayev onlara cavab verən zaman avtomatın qundağı ilə alın hissəsindən vurulub və avtomobilə mindirilib. Maşında döyülməsi nəticəsində huşunu itirib. Sonradan İrəvana aparıldığını öyrənib.
“Ayağım yaralı idi. Əsirlik zamanı gəlib ayağımı təmizləyəndə bilərəkdən biz vasitəsilə ağrını artırır, bununla da işgəncə verirdilər. Halbuki oraya tibbi şlanq - drenaj qoyulmalı idi ki, çirk axsın. Onu etmirdilər. Çirk ayağımın içində qala-qala zorla, ağrılı şəkildə bizlə təmizləyirdilər. Səsim çıxdıqca daha çox zorakılıq göstərirdilər. Hətta boynuma qədər üzərimə qaynar su tökürdülər”, - deyə A.Musayev qeyd edib.
O, dekabrın 14-də Azərbaycana təhvil verilib.
Təqsirləndirilən şəxs David Babayan A.Musayevə sual verərək onun noyabrın 8-dən 11-dək olan müddətdə döyüş yoldaşları tərəfindən nə üçün aparılmamasını soruşub. A.Musayev sualı belə cavablandırıb: “Döyüş yoldaşlarım şəhid olmuşdu. Yaralandığım vaxt huşumu itirmişdim. Sağ qalan döyüş yoldaşlarım elə biliblər ki, şəhid olmuşam. Müharibə vaxtı şəhidləri və yaralıları dərhal çıxartmaq olmur”. O, D.Babayanın digər sualına cavabında isə deyib ki, Ermənistanda əsirlikdə saxlanıldığı müddətdə sağlamlığını itirib.
Tehsil-press.az