Azərbaycan bu gölün sahilində 20 milyon dollara sağlamlıq kompleksi tikəcək

Azərbaycan bu gölün sahilində 20 milyon dollara sağlamlıq kompleksi tikəcək Azərbaycan, Qazaxıstanın cənub-şərqində yerləşən və müalicəvi xüsusiyyətləri, həmçinin füsunkar təbiəti ilə məşhur olan Alakol gölü (Alagöl) sahilində beynəlxalq sağlamlıq və turizm kompleksi inşa etməyi planlaşdırır.

Layihə barədə müzakirələr Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel və rayonun akimi Abay Berik arasında keçirilən görüşdə aparılıb.

Görüşdə həmçinin Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının sədr müavini, Türkdilli Sahibkarlar Assosiasiyasının rəhbəri Aslan Kuniyarov, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Biznesin İnkişafı Fondunun nümayəndələri də iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti Alakol sahilində inşa ediləcək kompleks üzrə 20 milyon dollar məbləğində investisiya layihəsi təqdim edib. İlin bütün fəsillərində fəaliyyət göstərəcək sağlamlıq və istirahət mərkəzi eyni vaxtda 800 nəfərin qəbuluna hesablanıb. Layihə çərçivəsində təxminən 200 yeni iş yeri yaradılacaq.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər yeni müttəfiqlik səviyyəsinə çatıb. O, həmçinin vurğulayıb ki, Qazaxıstan rəhbərliyi iqtisadi əlaqələrin genişləndirilməsi və xüsusilə turizm sahəsində birgə layihələrin həyata keçirilməsinə böyük önəm verir.

Səfir əlavə edib ki, 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında birgə investisiya fondu yaradılıb və "Alakol” layihəsi bu fond çərçivəsində gerçəkləşdiriləcək ilk təşəbbüslərdən biri ola bilər.

Tehsil-press.az

Oxşar xəbərlər