Şərqşünaslıq fakültəsində keçirilən görüşdə BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları İlkin Şərifov və Mələkxanım Qurbanova ixtisaslı kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların əmək bazarının çağırışlarına uyğun formalaşdırılmasının Mərkəzin əsas missiyası olduğunu bildiriblər. Qeyd ediblər ki, tələbələr Mərkəzin xidmətlərindən istifadə edərək, düzgün karyera planlaşdırılması, peşə və şəxsi bacarıqların inkişaf etdirilməsi, karyera hədəflərinin düzgün müəyyənləşdirilməsi, müasir tələblərə cavab verən CV (rezüme) hazırlanması, iş axtarışında effektiv strategiya və taktikaların öyrənilməsi, müsahibə texnikalarının mənimsənilməsi və başqa istiqamətlərdə səriştələr əldə edə bilərlər.
Görüşdə Mərkəz tərəfindən həyata keçirilən təlim, seminar və layihələr haqqında da məlumat verilib. Vurğulanıb ki, tələbələr həmin tədbirlərə qoşulmaqla həm karyera sahəsindəki yeniliklərlə tanış ola, həm də beynəlxalq təcrübəni öyrənərək öz inkişaf yollarını müəyyən etmək imkanı əldə edə bilərlər.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Tehsil-press.az