BDU məzunu, Kanadanın York Universitetinin professoru Yulduz Rəhimovun ustad dərsi

BDU məzunu, Kanadanın York Universitetinin professoru Yulduz Rəhimovun ustad dərsi Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, Kanadanın Toronto şəhərindəki York Universitetinin professoru Yulduz Rəhimov ilə görüş keçirilib.

Görüşdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professor-müəllim heyəti, tələbə və doktorantları iştirak ediblər.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əliyev qeyd edib ki, fakültədə “Kompüter elmləri”, “İnformatika müəllimliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunları dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Belə məzunlardan biri Kanadanın Toronto şəhərindəki York Universitetinin professoru Yulduz Rəhimovdur. O, xaricdə yaşayan Azərbaycanlı Alimlər Birliyinin Elmi katibidir.

Daha sonra söz professor Yulduz Rəhimova verilib. O, “Ədədlər nəzəriyyəsi və kriptoqrafiya” mövzusunda ustad dərsi keçib. Bildirib ki, ədədlər nəzəriyyəsi riyaziyyatın tərkib hissəsi kimi tam ədədlərin və onların xassələrinin öyrənilməsinə həsr olunub. Riyaziyyatçılar uzun müddət ədədlər nəzəriyyəsini sırf riyaziyyat hesab ediblər, lakin onun kompüter elmlərinə, o cümlədən də kriptoqrafiyaya tətbiqi böyük əhəmiyyət kəsb edir. Məruzəçi ustad dərsində bölünmə və modulyar riyaziyyat, tam ədəd təsvirləri və alqoritmlər, sadə ədədlər və ən böyük ümumi bölənlər, konkruens tənliklərin həlli və onların tətbiqləri, kriptoqrafiya haqqında ətraflı məlumat verib.

Ustad dərsi interaktiv şəkildə davam edib, tələbələr professorla fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara ətraflı cavablar alıblar.

Tehsil-press.az

Oxşar xəbərlər