Cənubi Koreya hakimiyyəti ölkədə imtahan zamanı səssizliyi təmin etmək məqsədilə təxminən 140 aviareysi təxirə salıb. Məhdudiyyətlər “Sunın” buraxılış imtahanları zamanı tətbiq edilib.
Belə ki, yerli vaxtla saat 13:05-dən 13:40-dək davam edən ingilis dilindən dinləmə imtahanı zamanı təyyarələrin uçuş və eniş etməsi qadağan olunub. Bundan başqa, pilotlara 3 kilometrdən yüksəkdə uçmaq tapşırığı verilib.
Qeyd edək ki, bu cür qaydalar Cənubi Koreyada imtahan gününün ayrılmaz hissəsi hesab olunur. Həmin gün ölkədə həmçinin hərbi təlimlər ləğv edilir, fond birjası və idarələr işə gec başlayır, küçələrdə hərəkəti tənzimləmək üçün təxminən 10 min polis səfərbər edilir.
Bundan başqa, imtahan günü ölkədə ictimai nəqliyyat gücləndirilmiş iş rejimində çalışır, gecikən məktəblilərə isə qaynar xətt vasitəsilə yardım çağırmaq imkanı yaradılır. Bu halda onların imtahan məntəqəsinə patrul maşınında çatdırılması təmin edilir.
Tehsil-press.az








