İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları tərəfindən tələbələr üçün məlumatlandırıcı infosessiya keçirilib. Tədbirin məqsədi iştirakçıları İKTA-nın fəaliyyət sahələri, prioritet istiqamətləri, layihələri, eləcə də işə qəbul prosesi, mövcud təcrübə proqramları və vətəndaş müraciətlərinin qəbulu üçün yaradılmış e-şikayət sistemi barədə məlumatlandırmaq olub.

İKTA-nın İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi Solmaz Məmmədova çıxışı zamanı qurumun insan kapitalının inkişafına xüsusi önəm verdiyini, gənclərin peşəkar formalaşması üçün əlverişli imkanlar yaratdığını diqqətə çatdırıb. O bildirib ki, İKTA müasir texnoloji trendləri nəzərə alaraq, innovativ layihələr həyata keçirir, tələbə və məzunları bu layihələrdə iştiraka təşviq edir. Agentlikdə karyera qurmaq istəyən gənclər üçün şəffaf işə qəbul mexanizmi, bacarıqların qiymətləndirilməsinə əsaslanan yanaşma tətbiq olunur. Bununla yanaşı, proqramlaşdırma, informasiya təhlükəsizliyi, data analitika və digər istiqamətlər üzrə təcrübə proqramları gənclərin praktiki bacarıqlarının inkişafına geniş imkan yaradır.

İKTA-nın İnformasiya sistemləri və ehtiyatların idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Şahmar Bayramlı e-şikayət sistemi barədə ətraflı məlumat verib. O qeyd edib ki, e-şikayət platforması vətəndaşların telekommunikasiya (internet, mobil rabitə) və poçt xidmətləri ilə bağlı müraciətlərini daha operativ şəkildə təqdim etməsinə imkan yaradır, bütün proses elektronlaşdırıldığı üçün müraciətlər həm sürətli şəkildə qəbul olunur, həm də sistem üzərindən izlənilə bilir. Onun sözlərinə görə, platforma istifadəçi rahatlığı, şəffaflıq və effektiv xidmət prinsipləri əsasında hazırlanıb və müraciətlərin obyektiv şəkildə araşdırılmasına şərait yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər