Tədbir ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərovun açılış nitqi ilə başlayıb. O, sərgi haqqında məlumat verdikdən sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamlayıb və universitetin fəaliyyəti, əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. Rektor bildirib ki, bu cür sərgilər müəssisələrlə yuxarı kurs tələbələrinin bir araya gəlməsi üçün əlverişli platformadır. O, həmçinin ADNSU və UFAZ məzunlarının istehsalat müəssisələrində yüksək tələbat gördüyünü vurğulayıb. Rektor Rüfət Əzizov qeyd edib ki, ali təhsil müəssisəsi olaraq sənaye ilə sıx əməkdaşlıq əlaqələri formalaşdırılıb və bu, tələbələrin işə qəbul və təcrübə imkanlarını genişləndirməklə yanaşı, əmək bazarında hansı ixtisaslara daha çox ehtiyac duyulduğunu müəyyənləşdirmək baxımından mühüm rol oynayır.
Rəsmi hissədən sonra sərgi zonası tələbələrin ixtiyarına verilib.
“SOCAR”, “SOCAR Polymer”, bp, “Azercell”, “SOCAR Downstream”, “AzerGold”, “Azersun”, “TotalEnergies”, “EiGroup”, “Deloitte”, ABB, “Simbrella”, “Azerconnect”, SLB, “AzInTelecom”, “Bakı Metropoliteni” QSC, “EY Azerbaijan”, NORM, JOCAP və “Turan Drilling”, Möcüzə Dad şirkəti, Azərsun Holdinq də daxil olmaqla 40 şirkət sərgidə öz stendləri ilə təmsil olunub. Şirkət nümayəndələri fəaliyyət istiqamətləri, kadr seçimi zamanı üstünlük verdikləri keyfiyyətlər, mövcud vakansiyalar və təcrübə proqramları barədə iştirakçılara ətraflı məlumat veriblər.
Sərgini ziyarət edən 500-dən çox tələbə və məzun şirkət nümayəndələrinə yaxınlaşaraq onları maraqlandıran suallara cavab alıb, əmək bazarının cari tələbləri, ixtisasyönümlü layihələr, iş və təcrübə imkanları ilə tanış olublar.
Sərgi ilə paralel olaraq müxtəlif mövzularda informativ sessiyalar keçirilib. UFAZ-ın magistratura ixtisasları haqqında məlumat təqdim edilib. Dövlət Məşğulluq Agentliyi iştirakçılar üçün iki saatlıq səyyar konsultasiya təşkil edib. “AZCON Holding” isə “Rəqəmsal körpü” təcrübə proqramını auditoriyaya təqdim edib.
Karyera sərgisi tələbə və məzunların peşəkar inkişafına dəstək göstərmək və sənaye ilə daha sıx əlaqə yaratmaq məqsədilə mühüm platforma kimi dəyərləndirilib.
Qeyd edək ki, UFAZ-da 2021-ci ildən etibarən hər il Karyera sərgisi keçirilir. İlk sərgi UFAZ, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan-Fransa Ticarət Palatası və Azərbaycan-Fransa Məzunları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. 2022-ci ildə sərgi növbəti dəfə keçirilərək regional və beynəlxalq şirkətləri UFAZ-da tələbələrlə bir araya gətirib. 2023-cü ildə keçirilən sərgidə 40-dək şirkət stendləri və təqdimat sessiyaları ilə iştirak edib. 2024-cü ildə isə ənənəvi Karyera Sərgisi UFAZ-ın Karyera Mərkəzi və ADNSU-nun Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tehsil-press.az



