Naxçıvanda meyvə bağlarının şaxta və digər risklərdən sığortalanmasına start verildi – ŞƏRTLƏR

Naxçıvanda meyvə bağlarının şaxta və digər risklərdən sığortalanmasına start verildi – ŞƏRTLƏR Aqrar Sığorta Fondu 2025–2026-cı illər əkin mövsümü üzrə meyvə bağlarının sığortalanma dövrünün başladığını elan edib.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan sərfəli aqrar sığorta mexanizmi ümumilikdə 41 növ bitki və bitki məhsulunu əhatə edir. Bu bitkilərin 21-i isə meyvə bağlarıdır.

Aqrar sığorta çərçivəsində alma, armud, gilas, albalı, şaftalı, nektarin, üzüm, alça, badam, çiyələk, ərik, fındıq, gavalı, heyva, xurma, qoz, limon, portağal, naringi və nar bağlarını müxtəlif risklərdən sığortalamaq mümkündür.

Aqrar Sığorta Fondunun 2024-cü ildən etibarən fəaliyyət göstərdiyi Naxçıvan Muxtar Respublikasının fermerləri də dövlət güzəşti tətbiq olunan bu mexanizmdən yararlanaraq öz meyvə bağlarını sığorta etdirə bilərlər.

Son illər Azərbaycanda kənd təsərrüfatına marağın artması nəticəsində hər il minlərlə hektar meyvə bağı salınır. Meyvəçilik sahəsi təkcə daxili bazarın təmin olunmasında deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayır. Bu sahədə on minlərlə fermer və yerli sakin məşğuldur.

Əlverişli coğrafi şəraitə malik olan Naxçıvan Muxtar Respublikası meyvə bağlarının inkişafı üçün uyğun ərazilərdəndir. Dövlətin bu sahəyə göstərdiyi güclü maliyyə dəstəyi fermerlərin fəaliyyətində mühüm rol oynayır. Bununla yanaşı, kəskin kontinental iqlimə malik olan bölgədə təbii risklər də yüksəkdir. Şaxtalar, temperatur dəyişkənlikləri, qasırğa, fırtına, dolu və digər hadisələr əkin sahələrinə, o cümlədən meyvə bağlarına ciddi zərər vura bilər.

Aqrar Sığorta Fondu meyvə bağlarını dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın və dolu nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Həmçinin bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, eləcə də zəlzələ, torpaq sürüşməsi və ildırım nəticəsində yarana bilən risklər də aqrar sığorta ilə əhatə olunur.

Meyvə bağında hər hansı hadisə baş verdikdə dəymiş zərər müstəqil aqrar sığorta ekspertləri tərəfindən qiymətləndirilir və Aqrar Sığorta Fondu tərəfindən qarşılanır. Ödəniş zamanı azadolma məbləği də nəzərə alınır.

Meyvə bağlarının aqrar sığortası fermerlər üçün son dərəcə sərfəlidir. Sığorta haqqı meyvənin növünə, regiona və sığorta zərfinə uyğun olaraq dəyişir. Dövlətin 50%-lik sığorta haqqı dəstəyi sayəsində fermer yalnız məbləğin yarısını ödəyir, qalan yarısı isə dövlət tərəfindən qarşılanır.

Artıq bir çox fermer və sahibkar Aqrar Sığorta Fondunun bu xidmətindən yararlanır. İndiyədək ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində meyvə bağlarına dəymiş zərərlər üzrə 2 milyon manatdan çox aqrar sığorta ödənişi həyata keçirilib və bu rəqəm artmaqda davam edir.

Aqrar sığortanın əhatə dairəsi, şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış ola bilərsiniz. Əlavə məlumat üçün ASF-nin sosial şəbəkə hesablarını izləyə və 1651 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

Tehsil-press.az

Oxşar xəbərlər