
Azərbaycan nümayəndələri Sığorta və Fərdi Pensiya Tənzimləmə və Nəzarəti Agentliyinin (SEDDK) sədr müavini və TARSİM İdarə Heyətinin sədr müavini Hande Hatunoğlu Kurtulan, TARSİM-in İdarə Heyətinin üzvü, Tarım Sığortaları Hovuzunun Baş direktoru Bekir Engürülü, SEDDK-nin Vasitəçilər və İxtisaslaşdırılmış Qurumlarla İş üzrə departament rəhbəri və TARSİM-in İdarə Heyətinin üzvü Işıl Konya ilə görüşüb.
Görüşlərdə hər iki ölkədə tətbiq edilən dövlət dəstəkli aqrar sığorta sistemləri ilə bağlı ümumi dəyərləndirmələr aparılıb, qarşılıqlı təcrübələr müzakirə olunub. Tərəflər Türkiyə və Azərbaycanın aqrar sığorta mexanizmi, onların fərqli cəhətləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi Türkiyənin TARSİM sistemi modeli əsasında yaradılıb. Aqrar sığorta mexanizminin əsas xüsusiyyəti sığorta haqqına 50%-lik dövlət dəstəyinin verilməsidir. Sığorta haqlarının yarısının dövlət tərəfindən qarşılanması sayəsində fermerlər cüzi ödənişlə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər. Aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatları sığortalanır.
Aqrar Sığorta Fondu tərəfindən zərər çəkmiş sığortalı fermer və təsərrüfatlara sığorta ödənişləri hər il artmaqdadır. Fəaliyyətə başlayandan indiyədək Fond belə təsərrüfatlara ümumilikdə 15 milyon manata yaxın sığorta ödənişi həyata keçirib.
Tehsil-press.az