BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetdə ali jurnalistika təhsilinin xüsusi yanaşma əsasında ənənəvi biliklərlə yanaşı, istehsalatla birgə formalaşdığını bildirib. O qeyd edib ki, Jurnalistika fakültəsində daim media subyektləri ilə qarşılıqlı əlaqələr yaradılır və tələbələrin nəzəri biliklərinin praktikada tətbiqi imkanları ilbəil genişləndirilir. Azərbaycanda ilk ali jurnalistika təhsilinin əsası kimi fakültə müasir medianın sonrakı inkişaf yolunu da müəyyən edir. Təqdimatı keçirilən kitabın yalnız tələbələr üçün deyil, müxtəlif radioların əməkdaşları, jurnalistləri üçün də faydalı olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini deyən prorektor bu işin davamını arzulayıb və müəllifləri təbrik edib.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Azərbaycan radiosunun 100 illiyinə töhfə olan bu kitabın müasir radiojurnalistikanın bir çox vacib suallarına aydınlıq gətirdiyini və praktik nümunəni nəzəri əsaslarla sintez edən dərs vəsaiti kimi faydalı olacağını vurğulayıb: “Bu gün efirimizdə yol verilən boşluqlar məhz nəzəri boşluqlardan irəli gəlir. Bu baxımdan belə tədqiqatlara ehtiyac böyükdür. Bu dərslik radiojurnalistika sahəsində vacib problemlərin həllinə işıq salacaq”.
BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli radiojurnalistikanın nəzəri əsaslarının müasir yanaşmalarla işlənməsinin və vahid dərs vəsaiti kimi tələbələrə təqdim edilməsinin dərslərin keyfiyyətinə müsbət təsir etdiyini qeyd edib: “Bu kitab Jurnalistika fakültəsinin korifey müəllimləri Tofiq Rüstəmov, Yalçın Əlizadə, Ənvər Bağırov və digər alimlərin radiojurnalistikanın tarixinə dair araşdırmalarının layiqli davamı sayıla bilər”.
Daha sonra çıxış edən “ASAN Radio”nun direktoru Emin Musəvi, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, Əməkdar incəsənət xadimi, tanınmış radioaparıcı Şəfəq Əlixanlı, “Media FM” radiostansiyasının təsisçisi və baş direktoru Rüstəm Əliyev, Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva və “Beynəlxalq radio”nun proqram rəhbəri Natəvan Dəmirçioğlu, “Azərbaycan radiosu”nun direktoru Billurə Aslanqızı kitabın nəşrində əməyi olan hər kəsi və həmmüəllifləri təbrik ediblər.
Sonda söz müəlliflərə verilib. Xatirə Hüseynova və Aynur Nəsirova kitabın Azərbaycanda radiojurnalistikanın və bütövlükdə medianın inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.
Tehsil-press.az




.jpg)



