Məktəblilər arasında breyn-rinq yarışları keçirilib

Məktəblilər arasında breyn-rinq yarışları keçirilib Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışları keçirilib.
Final yarışında breyn-rinqin zona mərhələsinin qalibləri - Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhər, Xaçmaz, Neftçala və İsmayıllı rayonlarının orta məktəblərinin komandaları öz biliklərini sınayıblar.
2009-cu ildən etibarən ənənəvi olaraq keçirilən breyn-rinq yarışlarının zona mərhələsi bu ilin may ayında Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba və İsmayıllıda ümumi təhsil müəssisələrinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında keçirilib. 600-dən artıq məktəbli ekologiya elminin müxtəlif sahələrini əhatə edən “Ekologiyanın əsasları”, “Bioloji müxtəlifliyin qorunması”, “Ekoloji təhlükəsizlik”, “Xəzərin ekologiyası”, “Meşələrin davamlı istifadəsi və qorunması”, “Alternativ enerji mənbələri”, “Qlobal ekoloji problemlər” və digər mövzular üzrə ekoloji biliklərini nümayiş etdiriblər.
Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji dünyagörüşün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır.
Bilik yarışının əsas vəzifəsi məktəblilərdə ekologiya elminə maraq və həvəs oyatmaq, ekoloji problemlərin həllində fəal həyat mövqeyi, təbiətə qayğıkeş və humanist münasibəti formalaşdırmaq, təbii ehtiyatların davamlı istifadəsinə dair bilik və bacarıqları inkişaf etdirməkdən ibarətdir.
Bilik yarışının Respublika mərhələsinin qaliblərinə təşkilatçılar tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Məktəblilərin iştirakı ilə “Eko-Park”ın ərazisində bioloji müxtəlifliklə tanışlıq, yaşıl fidanların dibçəklərə əkilməsi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilib.


Tehsil-press.az

Oxşar xəbərlər