Tanınmış kimyaçı alim kimya üzrə elmlər doktoru, professor Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun laboratoriya müdiri Nəcəf Tofiq oğlu Qəhrəmanovun 80 yaşı tamam olur.Nəcəf Qəhrəmanov 1946-cı ildə yanvar ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-texnologiya fakültəsinə daxil olmuş, 1969-cu ildə fakültəni “Plastik kütlələrin emalı texnologiyası” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1969-cu ildə Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda “Polimerlərin emalı” laboratoriyasında başlayan Nəcəf Qəhrəmanov 1983-1989-cu illərdə “Kompozisiya materiallarının kimyəvi modifikasiyası” sektoruna, 1989-1994-ci illərdə isə “Polimerlərin kimyəvi modifikasiyası” laboratoriyasına rəhbərlik etmişdir. 1991-1999-cu illərdə Elmi Tədqiqat Olefinlər İnstitutunun nəzdində fəaliyyət göstərən “Polisintez” Elmi İstehsalat müəssisəsinin direktoru vəzifəsində, 1999-2013-cü illərdə isə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzində çalışmışdır. 2014-cü ildən Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır.
1972-ci ildə Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1974-ci ildə Yüksəkmolekullu birləşmələr kimyası ixtisası üzrə “Polietilen və akrilonitril əsasında alınan qrfat-sopolimerlərin kompleks xassələrinə calaq zəncirlərin uzunluğunun təsirinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək elmlər namizədi, 1988-ci ildə “Poliolefinlər və akril monomerləri əsasında alınan calaq və calaq-doldurulmuş birgəpolimerlərin yüksək effektili sintez prosesinin elmi əsasları” mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri doktoru elmi dərəcələrini, 1981-ci ildə dosent, 2007-ci ildə isə professor elmi adını almışdır.
Professor Nəcəf Qəhrəmanov 750-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiyanın, 50 patentin və müəlliflik şəhadətnaməsinin müəllifidir. Nəcəf Qəhrəmanov 2 kimya elmləri doktoru, 11 fəlsəfə doktoru yetişdirmiş, hazırda fəlsəfə doktoru hazırlığı üzrə 1 doktorantın və 3 dissertantın elmi rəhbəri, 2 elmlər doktoru hazırlığı üzrə dissertantın elmi məsləhətçisidir. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2 magistranta elmi rəhbərlik edir.
Nəcəf Qəhrəmanov Polimer Materialları İnstitutu nəzdində yaradılmış kimya üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının sədr müavini və elmi seminarın sədridir. M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Dövlət imtahanı qəbulu komissiyasının üzvüdür.
57 illik elmi fəaliyyəti müddətində özünü polimer elminə həsr edən professor Nəcəf Qəhrəmanova Rusiya Federasiyasının «Известия Высших Учебных Заведений. Серия химия и химическая технология» adlı aparıcı jurnalının redaksiya heyəti tərəfindən aparılmış müsabiqənin nəticəsi olaraq 2020-2025-ci illərdə nəşrin çap olunmasında fəal iştirakına, onun yüksək elmi səviyyəsinin qorunub saxlanılmasındakı iştirakına görə ən yaxşı rəyçi sertifikatı təqdim olunmuş və təşəkkür bildirilmişdir. Alim eyni zamanda “Polymer Science, Series D” jurnalının da üzvüdür.
Dəyərli alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir və ona möhkəm cansağlığı, xoşbəxtlik, elmi fəaliyyətində yeni-yeni uğurlar və daha uca zirvələri fəth etməyi arzulayırıq!
Tehsil-press.az









