Platon (e.ə. 428-347)

Platon (e.ə. 428-347) Platon (yun. Πλάτων; bəzən Əflatun kimi tanınır; E.ə. 428 və ya E.ə. 427, Afina — E.ə. 348 və ya E.ə. 347, Afina) — Qədim yunanidealist filosofu, Sokratın tələbəsi, Aristotelin müəllimi.
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

30-dan artıq fəlsəfi dialoqun müəllifi ("Sofist","Parmenid","Teetet","Dövlət" və b.) Platon aləmə idealist baxışı müdafiə etməklə dövrünün materialist təliminə qarşı mübarizə aparmışdır. Sokratın,Pifaqorçuların, Parmenidin və Heraklitin təlimlərindən geniş istifadə etmişdir. Varlığın izahı üçün şeylərin qeyri-cismani formalarının mövcudluğu haqqında nəzəriyyəni inkişaf etdirmişdir; bu qeyri-cismani formaları Platon "görünüşlər" və ya "ideyalar" adlandırmış və onları varlıqla eyniləşdirmişdir.
Platon materiya və məkanla eyniləşdirilmiş olan qeyri varlığı "ideyalara" qarşı qoymuşdur. Platona görə hissi aləm "ideyaların" və "materiyanın" törəməsidir, özü də bunlar arasında orta vəziyyət tutur. "İdeyalar" əbədidir, "səma hüdudlarından kənardadır", yaranmır, məhv olmur, məkan və zamandan asılı deyil. Hissi şeylər keçicidir, nisbidir, məkan və zamandan asılıdır. Platonun kosmologiyasının mərkəzində ruhun bədənimizin qaranlıq zindanında qapanıb qalması və yenidən təcəssümləşdirilməsi haqqında təlim durur.
Platon dərk olunan predmetlərin müxtəlifliyindən asılı olaraq idrakın növlərini müəyyənləşdirirdi. Səhih idrak yalnız həqiqi surətdə mövcud olan "görünüşlər"barədə mümkündür. Bu cür idrakın mənbəyi insanın ölməz ruhunun (bu ruh ölməli olan bədənə daxil olana qədər seyr edilən) ideyalar aləmi haqqında xatiratından ibarətdir. Hissi şeylər və hadisələr haqqında bilik deyil, yalnız ehtimali "rəy" əldə etmək mümkündür.Platon "ideyalarla" hissi şeylər arasında nəzəri idraka müyəssər ola bilən riyazi obyektləri yerləşdirmişdir. İdrak metodu "dialektikadır"; bu ad altında Platon ikili bir yolu:anlayışların ümumiləşdirilməsi pillələri ilə ali məktəblərə doğru yüksələni və ən ümumi anlayışlardan daha az ümumiliyi olan anlayışlara doğru aşağı enməni nəzərdə tutmuşdur. Burada aşağı enmə prosesi ayrı-ayrı hissi şeylərə deyil, yalnız "görüşllərə"("ideyalara") aiddir.
Siyasi görüşləri etibarilə Platon Afina aristokratiyasının nümayəndəsi olmuşdur.Cəmiyyət haqqında təliminidə ideal aristokratik dövlətin təsvirini vermişdir;onun da ilkin şərtini kölə əməyi təşkil edir("Qanunlar"): dövləti "filosoflar" idarə edirlər; onu "keşişçi dəstəsi" və ya "döyüşçülər" qoruyurlar; azad vətəndaşların bu iki dəstəsindən aşağıda "sənətkarlar"dururlar. Platonun təlimi idealist fəlsəfənin sonrakı təkamülündə mühüm rol oynamışdır.

Bioqrafiyası
Platonun dəqiq doğum tarixi məlum deyil. Aktik mənbələrə əsaslanan tədqiqatçıların əksəriyyəti Platonun e.ə. 428-427-ci illərdə, Afina və Sparta arasında olan Peloponnes müharibəsinin qızğın çağlarında Afina və ya Eqində anadan olduğunu güman edirlər. Antik ənənələrə əsasən martın 21-i Platonun doğum günü hesab edilir. Əsatirlərə əsasən bu gündə Delos adasında Appollon anadan olmuşdur. Platon aristokrat ailəsinda doğulmuşdur. Əfsanələrə əsasən Platonun atası Ariston (465-424) Attika çarı Kodrunun, anası isə afinalı islahatçı Solonun nəslindən idilər. Platonun Adimant və Qlavkon adında iki qardaşı və Poton adında bacısı var idi.
İlk müəllimi Kratil olmuşdur. E.ə. 408-ci ildə Platon Sokratla tanış olur və Sokratın ilk tələbələrindən biri olur. Təsadüfi deyil ki, Sokrat Platonun dialoq formasında yazılmış bütün əsərlərinin iştirakçısıdır. 389-cu ildə Sokratın ğlümündən sonra Platon Meqaruya köçür. Ənənəyə sadiq olaraq 399-389-cu illərdə Kireni və Misiri ziyarət edir. 389-cu ildə Cənubi İtaliyaya və Siciliyaya gedir, orada pifaqorçularla ünsiyyətdə olur. Nəticədə Platon Sirakuzlu Dionisin köməyi ilə filosofların hakimiyyətinə əsasən ideal cəmiyyət qurmaq niyyəti ilə Siciliyaya yollanır. 387-ci Platon Afinaya qayıdır və öz şəxsi məktəbini -Akademiyanı yaradır.
Qədim mənbələrə əsasən, Platon e.ə. 347-ci ildə anadan olduğu gündə vəfat etmiş və Akademiyada dəfn edilmişdir. Laertli Dioqenə əsasən, Platonun əsil adı Aristokl (qəd. yun. Αριστοκλής: hərfi tərcüməsi "şan-şöhrət"). O, elə bu adla da basdırılmışdır. Platon(yunan sözü olan "Plato" - genişlik) isə uca boylu və iri cüssəli olduğuna görə Sokrat tərəfindən ona verilmiş təxəllüsdür. Bunun əksinə olaraq, "Aristokl" adı ilə bağlı əfsanənin Ellinizm dövründə yaranmasına dair araşdırmalar mövcuddur.

Əsərləri
Platon korpusu (Corpus Platonicum) — daha doğrusu, antik dövrdən bəri Platonun adı ilə əlaqələndirilən və əksər hissəsi dialoq formasında yazılmış əsərlər külliyatı uzun müddətə ərsəyə gəlmişdir. Ehtimal edilir ki, Platonun klassik əsərlərinin toplanılması uzun müddət ərzində həyata keçirilmişdir və bu müddətlə əsərləri arasında itənlər və digər müəlliflərdən əlavələr edilmişdir. Platonun əsərlərinin bir yerə toplanılması yolunda atılmış ilk əsaslı addımın müəllifi e.ə. III əsrdə yaşamış aktiv dövrün mahir filoloqu Bizanslı Aristofan tərəfindən atılmışdır. Onun topladığı əsərlər Platon korpusunun əsasını təşkil edir.
Çox güman ki, Bizanslı Aristofan, həmçinin Platonun əsərlərini sistemləşdirilməsinin əsasını qoymuşdur. Belə ki, onun nəşrində əsərlər trilogiya şəklində verilmişdir. Trilogiyaların birində "Dövlət", "Timey" və "Kritiy", digərində "Qanunlar", "Minos" və "Qanundan sonrakı dövr", üçüncüdə isə "Kriton", "Fedon" və "Məktublar"ın birləşdirilməsi həmin əsərlərin tematik təsnifləşdirilməsini göstərir. Tematik analoqu tapılmayan əsərlər heç bir trilogiyaya daxil edilməmiş və pərakəndə şəkildə təqdim edilmişdir.
Platon korpusunun tarixinin digər mərhələsi Trasillin (I əsr) fəaliyyəti ilə bağlıdır. Onun külliyatından müasir alimlər də istifadə edirlər. Trasill Platonun əsərlərini tetralogiyalarda cəmləşdirmişdir.
Platon korpusunun müasir şəklə düşməsində həlledici rol XVI əsrin görkəmli fraznsız filoloq-ellinisti Stefana məxsusdur.

Fəlsəfi fikirləri
Platon dünya fəlsəfi fikir tarixində dərin iz buraxmışdr; təsadüfi deyil ki, Florensiyada onu araşdıran, öyrənən "Platon" Akademiyası 60 il fəaliyyətdə olmuşdur. Platonun müdrikliyinə aid bəzi nümunələr bu gündə ibrətlidir:
- Dünyada ən dadlı şey həqiqəti söyləmək və eşitməkdir.
- Təbiətdən kənar məkan və zaman yoxdur, zaman isə yalnız məkanla birgə mövcuddur.
Platondan soruşurlar ki, bədbəxtlik üz vermiş adam nə ilə təsəlli tapar?
- Ağıllı adam baş vermiş hadisənin labüdlüyünü anlayıb təsəlli tapır, ağılsız isə bədbəxtliyini başqalarının da başına gələcəyini düşünüb təsəlli tapır.


Tehsil-press.az

Oxşar xəbərlər