“Cakonda”nın sirri haqqında qeydlər

“Cakonda”nın sirri haqqında qeydlər Əvvəlcədən qeyd etmək istəyirəm ki, mən rəssam deyiləm. Heç vaxt rəsm əsəri çəkməmişəm, hər hansı rəsm əsəri haqqında fikir söyləməmişəm. Ancaq Leonardo da Vinçinin “Mona Liza”sı haqqında olan yazıları diqqətlə oxumuşam. Bütün yazılarda “Mona Liza”nın “təbəssümünün sirri” haqqında qeydlər edilir. Əsər hazır olan vaxtdan bugünkü günə qədər bütün dünyada hamı tərəfindən qəbul edilən ümumi fikir yoxdur.
Mən bu yazıda bu vaxta qədər söylənilmiş fikirləri qeyd etmək fikrindən uzağam. Bu yaxınlarda “Cakonda”nın rəsmi qəzetlərin birində verilmişdi. Öz-özümə fikirləşdim ki, görəsən, rəsm əsərinin sirri nədədir ki, bütün dünyanın tədqiqatçıları bu sirri aça bilmirlər. Onlar arasında olan fikir ayrılığı hələ də qalmaqdadır. Əsərə diqqətlə baxdıqca, bu vaxta qədər heç bir yerdə qeyd edilməyən yeni elmi məlumatlar mənə məlum olmağa başladı. Eyni zamanda, əsər haqqında müxtəlif suallar meydana çıxdı və cavabını tapmağa çalışdım. Məsələn, nə üçün “Cakonda” sağ tərəfi ilə gülür, sol tərəfində isə üz-gözünü turşudub?
Suallar həddən artıq çoxdur və hamısını qeyd etmək mümkün deyil. Bir neçə gün sualları özümdən uzaqlaşdırmağa çalışdım, ancaq mümkün olmadı. Eyni zamanda hiss etdim ki, əsər o qədər dərin mənalı və əhatəlidir ki, onun haqqında nəyisə biləsən, qeyd etməyəsən və kimsəyə bildirməyəsən - bu, özü də günahdır. Əsəri dərk etmək üçün rəssamlıqla yanaşı, bütün elm sahələrindən məlumatlı olmalısan. Fəlsəfəni və biologiyanı bilməlisən ki, əsəri dərk edə biləsən. Onu da qeyd etmək istəyirəm ki, əslində, əsəri tam dərk etmək mümkün deyildir və heç vaxt da mümkün olmayacaqdır. Onun haqqında yalnız müəyyən fikirlər söyləmək mümkündür. Bu fikirlərin hansının doğru olub-olmadığını gələcəkdə elmi tədqiqatlar göstərəcəkdir.
Xanım “Cakonda”nın bir üzü gülür, bir üzü isə kədərlidir. Leonardo da Vinçi Mona Lizanı nə üçün belə təqdim edir? Bunun haqqında tədqiqatçıların müxtəlif fikirləri vardır. Mən onları təkrar etmək fikrində deyiləm. Dəqiq bilirəm ki, bunun fəlsəfi və bioloji mənası vardır. Bununla Leonardo da Vinçi bildirir ki, xeyirlə-şər, sevinclə-kədər qoşadır.
Cakondanın sol gözü kədərlidir. Nə üçün? Leonardo da Vinçi bununla irsi əlamətlərin ötürülməsini göstərmişdir. Yəni Mona Lizanın anasının da sol gözü kədərli olmuşdur.
Bəzi tədqiqatçılar “Cakonda”nın gözlərinin qüsurlu olduğunu bildirirlər. Məsələn, ingilis oftalmoloqu Klayv Mays Cakondanı anadangəlmə çəpgöz hesab edir. Mənim fikrimcə isə bütün insanlarda olduğu kimi, Cakondanın da bütün orqanlarında asimmetriya vardır. Leonardo da Vinçi asimmetriyanı təqdim etmir, dərin elmi məlumatları sirli şəkildə insanlara çatdırır. Belə fəlsəfi və elmi məlumatlar isə cansız və canlı aləm, canlı orqanizmlərin yaranması, quruluşu və çoxalmasının nədən ibarət olduğundan xəbər verir. Eyni zamanda, insan həyatında baş verən hadisələr zamanı onun keçirdiyi hisslər təsvir edilmişdir.
Bəzi tədqiqatçılar Cakondanın qısa və xəstə olmasını bildirirlər. Mən onları təkrar etmək istəmirəm. Fikrimcə, Cakondan solaxaydır. Eyni zamanda, sol qol daha güclüdür. Sağ qol sol qolun üstündədir. Burada dərin düşüncə tələb edən sual meydana çıxır:
-Nə üçün portretdə Cakonda solaxay təqdim edilmişdir?
Sualın cavabını tədqiqatçılar öz yazılarında müxtəlif cür izah etmişlər. Mən isə yalnız öz düşüncələrimi qeyd edəcəyəm. Əvvəla, eşitdiyimə qörə, solaxay insanlar Allaha yaxın insanlar hesab olunur. İkincisi, insanın solaxay olması baş beynin və mərkəzi sinir sisteminin quruluşu və inkişafı ilə əlaqədar olan məsələdir. Üçüncüsü, öz müşahidələrimdən bilirəm ki, solaxay kişilərin sayı solaxay qadınalrın sayından çoxdur. Dördüncüsü, solaxay insanların xasiyyət və qabiliyyətləri digərlərindən fərqlənir. Başqa maraqlı xüsusiyyətlər də vardır ki, onları izah etmək fikrindən uzağam.
Leonardo bu əsərində Tanrının mütləqliyini, insanın müxtəlifliyini, bütün canlı orqanizmlərin vahid mənşəli olmasını təsvir etmişdir.
Bəzi tədqiqatçı həkimlər öz yazılarında qeyd etmişlər ki, Mona Lizanın bədənində və başında tüklər qismən tökülmüşdür. Göz qapağında və bədənin müəyyən hissələrində düyünlər və qırışlar əmələ gəlmişdir. Tədqiqatçılar bunları düzgün qidalanmamaqla əlaqələndirirlər. Fikrimcə, bu, belə deyildir. Düzgün olanı izah etməyə çalışacağam.
Məlumdur ki, inan orqanizmi hüceyrəvi quruluşludur. Hüceyrələr bölünmə yolu ilə çoxalır. Deməli, insan orqanizmində həm qoca, həm də cavan hüceyrələr vardır. İnsan həyata göz açdığı gündən onun bədənində həm cavanlıq, həm də qocalıq əlamətləri olur. Böyük rəssam çox böyük ustalıqla hər adamın görə bilmədiyi əlamətləri təsvir etmişdir. Qocalıq və cavanlığın ayrılmaz olduğu, nisbi məna daşıdığını insanlara hiss etdirilir. O, hüceyrə ölümünü, ölümə gedən mütləq yolun başlanğıcını, bu yoldan hamının keçəcəyini, müvəqqəti dünya, əbədi dünya anlayışının şəklini çox böyük ustalıqla çəkə bilmişdir.
Leonardo da Vinçi portreti çəkən zaman kədərli və dərdli olmuşdur. Bəzi tədqiqatçıların fikrincə, rəssam guya özünü çəkmişdir. Mən hamının fikrinə hörmətlə yanaşaraq bildirmək istəyirəm ki, dahi rəssam əhvalını, insanlıq və həyat haqqında gəldiyi qənaətləri mütləq reallıqla təsvir etmişdir. Bütün elm sahələrini, daha çox biologiyanı, riyaziyyatı, fəlsəfəni dərindən bildiyini sübut etmişdir.
Portretdə Mona Liza qucağında körpə uşaq tutmuşdur. Bunun haqqında da tədqiqatçılarm müxtəlif fikir və mülahizələri vardır. Ancaq heç birisi həqiqəti əks etdirmir. Mənim fikrimcə isə Mona Liza eyni zamanda hamilədir. Bu fikirlərin izahı ayrıca mövzudur və xeyli vaxt aparardı.
Bilirəm ki, qeyd etdiklərim müzakirələrə səbəb ola bilər. Gələcəkdə tədqiqatçılar bu fikirlərin doğru olub-olmadığını sübut edəcəklər. Mənim üçün isə tamamilə aydındır, lakin qeyd etmədiyim, insana aid olan bir sıra xüsusiyyətlər portretdə heç kimin, heç vaxt hiss edə bilməyəcəyi şəkildə təsvir edilmişdir. Onları elmi cəhətdən izah etmək, əsaslandırmaq mənim üçün xeyli vaxt tələb edir.
Nəhayət, Mona Lizanın “sirli təbəssümü” o qədər dərin mənalı və əhatəlidir ki, onun haqqında fikir söyləmək belə çətindir. Təsadüfi deyildir ki, elmin yüksək inkişaf etdiyi müasir dövrdə bütün dünyada “sirli təbbəssüm” haqqında hamı tərəfindən qəbul edilən məlumatlara rast gəlmək mümkün deyildir. Bu haqda düzgün məlumat vermək, fikir söyləmək üçün güclü hissetmə qabiliyyəti, genetika elmi, maddələrin quruluşu və çevrilməsi haqqında dərin elmi biliklərin olması tələb olunur. Eyni zamanda, maddi aləmin varlığı və nisbiliyini dərk edənlər müəyyən qədər fikir söyləyə bilərlər.
Əslində “sirli təbəssüm”ün “nisbi təbəssüm” adlandırılması daha doğru olardı. Ona görə ki, “sirli təbəssüm”ün daxilində heç kimin dərk edə bilmədiyi və bilməyəcəyi məlumatlar toplanmışdır. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, bu məlumatların hamısı mənə gün kimi aydındır. Onlardan bir neçəsini qeyd etməyə çalışacağam. Diqqətlə fikir versək və müşahidə aparsaq, aydın olar ki, Mona Lizanın “sirli təbəssüm”ü qadınlardan daha çox kişilərə xas olan xüsusiyyətdir. Və belə təbəssümün daxilində sevinc, kədər, kinayə kimi əlamətlər toplanır. Mona Lizada İlahi bir qadın gözəlliyi vardır. Bu gözəllik nə qədər güclüdürsə, kişilərə məxsus olan əlamətlər də o qədər gizli təsvir edilmişdir ki, onları hiss etmək mümkün deyildir. Diqqətlə fikir versək, bizə aydın olar ki, insana xas olan bütün əlamətlər qoşa təsvir edilmişdir. Məsələ burasındadır ki, hər bir qoşa əlamətin oxşar və fərqli xüsusiyyətləri çoxlu sayda təqdim edilmişdir. Deməli, bu gün həyatda bizə mütləq kimi görü- nən bütün əlamət və hadisələrin nisbi olduğu Leonardo da Vinçiyə 500 il əvvəl məlum idi. Canlı orqanizmlərin yaranması, inkişafı, mənşəyi haqqında olan məlumatlar Mona Lizanın ilahi simasında çox böyük dahiliklə təqdim edilmişdir.
Məlumdur ki, Leonardo da Vinçiyə portreti çəkməyi florensiyalı varlı tacir sifariş etmişdi. Əsər hazır olanda isə tacirin xoşuna gəlməmiş, ona görə də əsəri almamışdı. Bu haqda da tədqiqatçılar müxtəlif fikir və mülahizələr qeyd edirlər. Fikrimcə, varlı tacir portretdə Mona Lizanın ilahi gözəlliyini və əsərin fəlsəfi-elmi mahiyyətini dərk edə bilməzdi. Bu səbəbdən tacir əsərdən imtina etmişdi.
Mənə məlumdur ki, kainatda-həyatda mövcud olan nə varsa, hamısı dairəvi və ellipsis şəklindədir. Bu gün bizə üçbucaq, düzbucaqlı kimi görünən bütün cisimlərin başlanğıcı dairəvi formada olmuşdur. Dairəvi forma nə vaxtsa ellipsis formasına keçir. Planetlərin Günəş ətrafında hərəkəti, hüceyrənin bölünmə vaxtı aldığı forma və başqaları buna misal ola bilər. Deməli, bizdən arxada görünən cisimlər bizdən irəlidə ola bilər. Və ya bizdən irəlidə olan cisimlər bizdən arxada ola bilər. Bunları bundan daha mürəkkəb hadisələri hamı dərk edə bilməz. Bunları Leonardo da Vinçi ilk dəfə dərk etmiş və özünün dahi əsərini yaratmışdır.
Məlumdur ki, müəllif əsərin üzərində 16 il işləmişdir. Əsər tamamlanmamışdır. Nə üçün? Fikrimcə, Leonardo da Vinçi əsəri bilərəkdən tamamlamamışdır. Ona görə ki, kainatda nə varsa, hamısını Allah yaratmışdır. İnsana şüur verilmişdir ki, elm öyrənsin. Elm öyrənməyin sonu yoxdur. Məhz buna görə də Leonaıdo da Vinçinin “Mona Liza” əsəri insanları elm öyrənməyə, axtarışda olmağa və insanlığa səsləyir.
Bir daha qeyd etmək istəyirəm ki, bu əsər haqqında qeyd etdiklərim mənə məlum olanların kiçik bir hissəsidir. Bilirəm ki, nə vaxtsa bütün bunlar tədqiqatçılar arasında ciddi müzakirələrə səbəb olacaqdır. Yazdıqlarımın nə qədər doğru olub-olmadığını gələcəkdə elmi araşdırmalar sübut edəcəkdir. Qeyd etdiklərimə-etmədiklərimə öz münasibətini bildirənlərin hamısına minnətdarlığımı bildirirəm.

Tahə İbrahimov,
Ağsu rayon, İlxıçı kəndinin orta məktəb müəllimi

Oxşar xəbərlər