Hərbi – vətənpərvərlik ruhu orta məktəbdə aşılanmalıdır

Hərbi – vətənpərvərlik ruhu orta məktəbdə aşılanmalıdır Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması təhsil işçilərinin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Təhsilimizin məqsədi uşaqlara təhsil verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda Vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaqla ruhunu aşılamaqdır.

Ölkə prezidenti İlham Əliyev öz çıxışlarında uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyini dönə-dönə vurğulamış, bu işin dövlətin təhsil, gənclər siyasətinin prioritet məsələlərindən biri olduğunu diqqətə çatdıraraq demişdir: “Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır”.
Hər kəs vətənini sevməli, onun müqəddəsliyinin əvəzsiz olduğunu duymalı və bilməlidir. Bu məqamda Abbas Səhhət gözəl deyib: “Vətəni sevməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz”. Bizim ruhumuz, qanımız, qan yaddaşımız vətən eşqi ilə yoğrulmalı, çarpılmalıdır. Hər birimiz Vətənin müsəlləh əsgəri olmalıyıq. Unutmaq olmaz ki, bütün bu söylənilənlər məhz orta məktəbdə övladlarımıza aşılanmalıdır.
Azərbaycan Respublikasının bütün ümumtəhsil və texniki-peşə məktəblərində “Gənclərin çağırışa qədərki hazırlığı” fənninin yüksək səviyyədə tədrisi xüsusi əhəmiyyətə malikdir.
Bəs görəsən, tədris ocaqlarımızda gənclərin çağırışa qədərki hazırlıq dərsləri necə keçirilir və onlar şagirdlərə necə çatdırılır. Şagirdlərin hərbi avadanlıq və silah-sursatla davranmağı öyrədilir. Eləcə də onların hərbi avadanlıqlar haqqında məlumatları, onlardan istifadə qaydaları barədə kifayət qədər məlumatları varmı? Bu və digər suallara cavab tapmaq üçün paytaxtımızda fəaliyyət göstərən qabaqcıl təhsil müəssisələrindən birinə, Təhsil Nazirliyinin tabeliyində olan Humanitar Fənlər Təmayüllü Məktəb-liseyinə baş çəkdik. Liseyin direktoru Nəzakət Əsgərova gəlişimizin məqsədini bilərək bu sahənin çox önəmli, məktəblilər üçün bacib bir sahə olduğunu bildirərək dedi:
- Açığını deyim ki, bu fənnin tədrisi şagirdlərdə həvəs, ruh yüksəkliyi yaradır.Bu dərslərdə istər oğlanlar, istərsə də qızlar fəal iştirak edirlər. Təbiidir ki, vətənpərvərlik hissləri yüksək olan şagirdlər hər an torpaqlarımızı azad etməyə hazırdılar.
Biz pedaqoq olaraq böyüməkdə olan nəslə aşılamalıyıq ki, hərbi-vətənpərvərlik hissi insanı səciyyələndirən əsas keyfiyyətlərdən biridir. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəblərin ən vacib vəzifələrindən biri olmuşdur. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş əsas vəzifələrdən biri də fəal vətənpərvər, yüksək zəkalı, fiziki-mənəvi cəhətdən sağlam vətəndaşlar yetişdirməkdir.
Bu istiqamətdə təhsilin nazirinin həyata keçirdiyi bir sıra tədbirlər çox təqdirəlayiqdir. Hörmətli təhsil nazirimiz Mikayıl Cabbarovun müvafiq əmri ilə 2013-2014-cü tədris ilindən başlayaraq ümumtəhsil məktəblərinin 5-11-ci siniflərində ilk dərsin “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunması şagirdlərə vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır. İkinci ildir ki, bu dərslər məktəbimizdə yüksək səviyyədə aparılır və şagirdlərdə vətənpərvərlik hissinin artmasına güclü təsir göstərir. Eləcə də Təhsil Nazirliyinin “Məktəb qəhrəmanları ilə tanınır” adlı yeni layihəyə başlaması müasir təhsilimizin milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirilməsinə, şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasına, Milli Qəhrəmanlarımızın daim yaddaşlarda yaşadılmasına böyük stimul verir.
Hərbi – vətənpərvərlik ruhu orta məktəbdə aşılanmalıdır
Eləcə də Təhsil Nazirliyinin göstərişi əsasında ötən dərs ilindən başlayaraq Azərbaycan Respublikasının müasir tarixinə aid seçilmiş mövzuların ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzlərdə tədris edilməsi ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən fəal öyrənilməsinə marağı artır, onlarda vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə xidmət edir.
Təhsil Nazirliyinin başqa bir təşəbbüsü də yüksək qiymətə layiqdir. Məlum olduğu kimi, nazirliyin müvafiq əmri ilə cari dərs ilindən başlayaraq respublikanın ümumtəhsil məktəblərinin 8-ci siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur. Həmin kurs Qarabağımızın tarixinin dərindən öyrənilməsində, şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaqdır.
Vətənpərvərlik tərbiyəsi Vətəni tanımaq və sevməkdən qaynaqlanır. Bu baxımdan ölkə rəhbərinin göstərişi ilə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaların keçirilməsi məktəblilərin vətənpərvərlik tərbiyəsində olduqca mühüm əhəmiyyət kəsb edir.
Məktəb-liseyimizdə də “Gənclərin çağırışa qədərki hazırlığı” fənninin liseyimizin maddi-texniki bazasına uyğun olaraq yüksək səviyyədə tədris olunmasına çalışırıq.
Məqsədimiz gəncləri ölkənin müdafiəsinə hazırlamaq, fiziki cəhətdən möhkəm, dözümlü olmağı, hərb işinə dair bilik və bacarıqları mənimsətməkdən ibarətdir. Bu hədəfə nail olmaq üçün şagirdləri mənəvi-psixoloji, fiziki cəhətdən möhkəm hazırlayırıq, onlarda yüksək ictimai fəallıq tərbiyə edirik. Belə ruhda böyüyən gənc nəsil gələcəkdə Vətənimiz üçün daha səmərəli vətəndaş olur...
Söhbətə qoşulan məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, ehtiyatda olan baş leytenant Fərhad Quliyev “Gənclərin çağırışa qədərki hazırlığı” fənninin tədrisi zamanı praktik məşğələlərə də üstünlük verdiklərini bildirdi:
- Məktəblilər arasında vətənpərvərlik, o cümlədən hərbi vətənpərvərlik hissini artıran amillərdən biri də hər il respublika üzrə keçirilən “Şahinlər” və “Cəsurlar” hərbi-idman oyunlarıdır. Məktəbin yuxarı sinif şagirdləri həmin oyunlara gənclərin çağırışa qədərki hazırlığı dərslərində hazırlaşırlar. Bunun nəticəsidir ki, məktəb-liseyimiz hər il ümumtəhsil məktəbləri arasında keçirilən “Şahinlər” və ”Cəsurlar” hərbi-vətənpərvərlik oyunlarında ön yerlərdən birini tutur.
Bu yarışlarda cəsur şagirdlərimizdən Binədar Mustafayev, Hikmət Nağıyev, Ziya Sultanlı, Elçin Uzunalov, Eşqin Rzayev, Ayxan Əliyev, Əli Zöhrabov, Ramin Vəlizadə, Orxan Qədirov, Qeyrət Qubadov, Aysel Əliyeva, Xəyalə Hacıyeva, Rəna İbrahimova, Nurcahan Ağabalayeva xüsusilə fərqlənmişlər.
Məktəbimizdə müxtəlif səpgili hərbi-idman yarışları, 10-11-ci sinif şagirdlərinin döyüş silahları ilə tanışlığı, onlardan istifadə qaydalarının öyrədilməsi, Hərbi muzeyə ekskursiyalar da planlaşdırılmışdır.
Hərbi – vətənpərvərlik ruhu orta məktəbdə aşılanmalıdır
Belə tədbirlərdən biri də bizim təşəbbüsümüzlə 10-11-ci siniflərində təhsil alan gənclərin çağırışa qədərki hazırlığı rəhbərlərinin Heydər Əliyev adına Ali Hərbi Məktəbdə müəllim və kursant heyəti ilə görüşü olmuşdur.
Görüşün keçirilməsinin əsas məqsədi gənclərə hərbi-vətənpərvərlik hisslərinin aşılanması, onların orta məktəbdə oxuduqları dövrdən ölkənin müdafiəsinə psixoloji cəhətdən hazırlanmasıdır.
Gənclərin Ali Hərbi Məktəblə tanışlığı, bir qayda olaraq, həmişə çox maraqlı və canlı olur. Onlar T-72 M1 tankının və BMP-3 piyada döyüş maşınları və T-72M və T-90 tanklarının quruluşu və iş prinsipləri haqqında geniş məlumatlar verilir. Gənclər VRC-6208, VRC-90090 tipli radiostansiyalar haqqında məlumatlar və bilgilər əldə edirlər.
Mexaniki körpülər, səngərqazan hərbi maşınlar haqqında çəkilmiş videoçarxlara tamaşa şagirdlərdə bu sahəyə xüsusi maraq oyadır.
“Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi prosesində şagirdlər (gənclər) dövləti müdafiənin əsasları, Azərbaycan Respublikası Silahlı Qüvvələrin in nizamnaməsi, sıra hazırlığı, taktiki hazırlıq, silahlar və atəş hazırlığı, atəşin əsasları və qaydaları, hərbi topoqrafiya, təhlükəsizlik və fövqəladə hallarda insanların mühafizəsi və s. bölmələri üzrə biliklərə yiyələnirlər. Tədris müddəti ərzində məktəblilər kütləvi qırğın silahlarından mühafizə qaydalarını, mülki müdafiənin əsaslarını da mənimsəyirlər.
Məktəb-liseyimizdə hərbi işin daha da keyfiyyətli olmasında liseyimizin direktoru Nəzakət Əsgərova, fiziki tərbiyə müəllimləri Mahir Ələsgərov, Nuranə Əkbərovanın xüsusi xidmətləri var.
Məktəbimizdə hərbi-vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək, gənclərin çağırışa qədərki hazırlığı fənninin tədrisinin keyfiyyəti yüksəldiləcək, şagirdlərdə hərbi ixtisaslara marağı artırmaq üçün ardıcıl olaraq təbliğat işləri aparılacaqdır...

H.ƏKBƏR

Oxşar xəbərlər