ADA Universitetində "Dinlərarası tolerantlıq və mətbuatın rolu" konfransı keçirilib

ADA Universitetində Bu gün ADA Universitetində "Dinlərarası tolerantlıq və mətbuatın rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyi, ADA Universitetində Aİ-nin Qabaqcıl Təcrübəsinin dəstəyi Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilib.
Tədbirdə hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, jurnalistlər, beynəlxalq ekspertlər, tələbələr iştirak edirlər.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard konfransın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda bu il multikultrazim ili elan edilib və konfransın mövzusu da bununla bağlıdır. Səfir deyib ki, burada dini nifrət, ekstremizmin artımı kimi çətin mövzularla bağlı fikir mübadiləsi aparılacaq və Aİ-nin mövqeyi çatdırılacaq:
"Qeyd edilən məsələlərin həllinin tapılması üçün açıq müzakirələr vacibdir. Bu mövzu ətrafında ekspertlərin, media nümayəndələrinin fikir bildirməsi vacibdir. Azərbaycanda müxtəlif etnik azlıqlar arasında hər zaman anlaşma olub".
O, Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermansın 2015-ci ildə ilk dəfə keçirilmiş İllik Fundamental Hüquqlar seminarında dediyi sözləri xatırladıb:
"Antimüsəlman və antisemit nifrətinə qarşı mübarizə aparmaq Avropanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu, ümumiyyətlə cəmiyyət barədədir, prinsiplərimiz və əsas dəyərlərimiz haqqındadır".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, tolerantlıq bizim qədimdən gələn ənənəmizdir, müxtəlif millətlər tarixən burada dinc şəkildə yaşayıblar:
"Azərbaycan öz ərazisində yaşayan xalqlara mənfi münasibət göstərməyib. Üç səmavi dinin nümayəndələri öz dini inanclarını burada dinc şəraitdə yerinə yetirirlər".
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, Azərbaycan tolerant ölkədir, müxtəlif millətlər, o cümlədən yəhudilər, ermənilər heç bir problem olmadan burada rahat şəkildə yaşayırlar:
"Bu sahədə Azərbaycanın təkmil qanunvericiliyi var. Paytaxtın mərkəzində erməni kilsəsi olduğu kimi qalır. Azərbaycanda din dövlətdən ayrıdır, hec kim hansısa dini qəbul etməyə məcbur edilə bilməz. Tarixən Azərbaycan mətbuatında tolerantlıq təbliğ olunub. Qarabağ hadisələri alovlananda da mediada nifrət və s. bağlı mənfi münasibət olmayıb".

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər