Azərbaycan Texniki Universitetində şəhid məzunun xatirə guşəsi yaradılıb

Azərbaycan Texniki Universitetində şəhid məzunun xatirə guşəsi yaradılıb Dekabrın 29-da Ermənistan-Azərbaycan dövlət sərhədini pozan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat əməlinin qarşısı alınan zaman qəhrəmancasına şəhid olmuş Çingiz Qurbanovun xatirəsinə Azərbaycan Texniki Universitetində (AzTU) anma guşəsi yaradılıb.
Universitetin müəllim və tələbələri hər gün şəhid məzunun xatirə guşəsini ziyarət edirlər.
AzTU-da şəhidin ailə üzvləri ilə keçirilən görüşdə universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov vurğulayıb ki, Ç.Qurbanovun məzun olduğu bu ali təhsil ocağının tələbə və müəllimləri onu heç vaxt unutmayacaqlar. Şəhidin nəşinin düşməndən geri alınması üçün dövlətimiz tərəfindən beynəlxalq təşkilatlarla danışıqların aparıldığını deyən rektor tezliklə müsbət nəticə əldə olunacağına inamını ifadə edib.
Görüşdə şəhidin atası Salman Qurbanov oğlunun nəşinin geri qaytarılması ilə bağlı görülən işlər barədə Müdafiə Nazirliyindən, Qızıl Aypara Cəmiyyətindən, həmçinin digər aidiyyəti dövlət qurumlarından və ictimai təşkilatlardan ona mütəmadi məlumat verildiyini bildirib.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər