BSU-da aprel döyüşlərinin ildönümü qeyd olunub

BSU-da aprel döyüşlərinin ildönümü qeyd olunub Bakı Slavyan Universitetində (BSU) ötən il 2-6 aprel tarixlərində baş vermiş döyüşlərdə həlak olan şəhidlərin ildönümünə həsr edilmiş “Ordumuz Vətənimizin dayağıdır” adlı anım mərasimi keçirilib. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra aprel şəhidlərinə aid slayd nümayiş olunub.
Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva ötən il aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, həmin hadisələr Azərbaycan ordusunun vətənpərvərlik ruhunun son dərəcə yüksək olduğunu təsdiqləyib: “Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir”.
Sonra N. Əliyeva üzünü gənclərə tutaraq onlara öz tövsiyələrini verib. O, Vətən sözündən qürurlu bir söz tanımadığını, onun ana qədər müqəddəs olduğunu qeyd edərək, hər bir gəncin öz sahəsində ləyaqətlə çalışmasının vətənə xidmət olduğunu bildirib. N.Əliyeva bu gün ölkəmizdə hökm sürən stabillik və sabitliyin, əmin -amanlığın əvəzsiz bir nemət olduğunu və bunun Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində ərsəyə gəldiyini qeyd edib.
BSU rektoru gəncləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyə səsləyib. O, gənclərə yad ideologiyalara, yabançı düşüncələrə uymamağı tövsiyə edib. N.Əliyeva BSU tələbələrini bu gün cəbhədə vətəni ləyaqətlə qoruyan oğulların vətəndaşlıq estafetini davam etdirməyə çağırıb. Rektor YAP Qadınlar Şurasının sədri kimi aprel döyüşlərindən sonra Füzuli bölgəsində cəbhədə olarkən əsgərlərimizin soyuğa, şaxtaya baxmayaraq Vətənin keşiyində mətanətlə dayanmasından qürur duyduğunu gənclərin nəzərinə çatdırıb. N.Əliyeva dövlətimizin gənclərə xüsusi etimad göstərdiyini, onlara ən məsul vəzifələri tapşırdığını və tezliklə BSU gənclərinin də onların sırasında olacağını bildirib. O, gənclərin harada olmasından asılı olmayaraq dövlətçiliyə daim sədaqətli olmalarını tövsiyə edib.
Tədbirdə çıxış edən aprel döyüşlərində həvəskar jurnalist kimi fəaliyyət göstərmiş, BSU-nun jurnalsitika fakültəsinin IV kurs tələbəsi, Gənc Jurnalistlər Klubunun sədri Xəyal İbrahimzadə aprel döyüşləri zamanı Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb, işğal altında olan torpaqlarımızın yaxın zamanda azad ediləcəyini əminliklə bildirib.
Mərasimdə Tofiq Şahmuradovun müəllifi olduğu “Döyüş gündəliyi- Talış” adlı film nümayiş etdirilib.
Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova çıxışında nümayiş olunan “Döyüş gündəliyi- Talış” filmi ilə bağlı təssüratlarını iştirakçılarla bölüşüb, aprel qələbəsini xalqımızın qəhrəmanlıq səlnaməsi adlandırıb. Aida Şirinova özünün yazdığı ”Ey şəhid qardaşlarım!” şeirini səsləndirib.
Sonra universitet tələbələri vətənpərvərliklə bağlı bədii kompazisiya təqdim ediblər.

BSU-nun Mətbuat xidməti


BSU-da aprel döyüşlərinin ildönümü qeyd olunub

Oxşar xəbərlər