Harvard Universitetinin müəllim və tələbələri “ADA” Universitetində

Harvard Universitetinin müəllim və tələbələri “ADA” Universitetində Azərbaycanı dünyaya tanıtmaq, haqlı mövqeyini nümayiş etdirmək, həyata keçirdiyi beynəlxalq layihələr barədə məlumat vermək məqsədilə xarici ölkələrdən olan nümayəndələrin tez-tez ölkəmizə səfərləri təşkil edilir. Bu məqsədlə ABŞ-ın Harvard Universitetinin müəllim və tələbələri Bakıda səfərdədirlər.
Harvard Universitetinin nümayəndə heyəti ilə “ADA” Universitetində keçirilən görüşdə bu ali məktəbin prorektoru Fariz İsmayılzadə təmsil etdiyi qurumun beynəlxalq əlaqələrindən danışıb. “ADA” Universitetinin bir çox ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini söyləyən prorektor deyib ki, Harvard Universitetində təhsil alan tələbələr bu gün ölkəmizdə müxtəlif strukturlarda çalışırlar.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bu qurumun neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı əldə olunan gəlirlərin toplanması və səmərəli idarə edilməsi məqsədilə yaradıldığını söyləyib.
Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, “ASAN xidmət” dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, elektron xidmətlərin təşkili prosesi sisteminin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edir. Qurum BMT-nin dövlət xidmətləri mükafatına da layiq görülüb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov Azərbaycanın geostrateji və geosiyasi əhəmiyyətinin daha da artdığını, ölkəmizin şərqlə qərb arasında strateji körpü rolu oynadığını, Cənubi Qafqazın lider dövlətinə çevrildiyini deyib.
“ADA” Universitetinin dekanı Elnur Sultanov Azərbaycanın dövlət müstəqilliyini necə əldə olunmasından, Ermənistanın işğalçılıq siyasətindən və məcburi köçkün problemindən söz açıb.
Harvard Universitetinin müəllim və tələbələri Azərbaycanın maraqlı ölkə olduğunu bildiriblər. Onlardan bəziləri ölkəmizlə bağlı elmi araşdırma aparmaq istədiklərini söyləyiblər.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər