“Riyad”ın 13 mühafizəçisi həbs olundu (Video)

“Riyad”ın 13 mühafizəçisi həbs olundu (Video) Binəqədi rayonunda yerləşən “Safastore” mağazası önündə baş verən qarşıdurmaya görə 13 nəfər saxlanılıb.
Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev Təhsil-press.az-a açıqlamasında bildirib ki, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı 13 nəfər saxlanılaraq istintaqa cəlb olunub, istintaq aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum etmişdilər. Bununla bağlı “Qafqazinfo”ya müraciət edən mağaza əməkdaşları hətta sözügedən görüntüləri də təqdim etmişdilər.
Mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb.
Qarşıdurma zamanı Binəqədi rayon Polis İdarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirilib.
Mağazadan verilən xəbərdə bildirilir ki, il yarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.
Sözügedən davanın videosunu təqdim edirik:



Təhsil-press.az

Oxşar xəbərlər