Azərbaycan Texniki Universitetinin məzunları işə qəbul üçün imtahan veriblər

Azərbaycan Texniki Universitetinin məzunları işə qəbul üçün imtahan veriblər İyulun 19-da “Schlumberger” neft və qaz şirkəti Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları üçün işə qəbulla bağlı müsabiqə keçirib.
Müsabiqənin birinci mərhələsində məzunlar məntiq, riyaziyyat və mexanika istiqamətində test suallarını cavablandırıblar. Müsabiqəyə AzTU-nun elektrik mühəndisliyi, elektroenergetika mühəndisliyi, enerji maşınqayırması mühəndisliyi, maşın mühəndisliyi, mexanika mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi və radiotexnika və rabitə ixtisaslarını bitirən 36 məzun qatılıb. İlk mərhələni müvəffəqiyyətlə keçənlər “Schlumberger” şirkətində müsahibəyə cəlb olunacaqlar.
Qeyd edək ki, dünyanın 85 ölkəsində fəaliyyət göstərən “Schlumberger” neft, qaz yataqları üzrə irimiqyaslı şirkətlərdən biridir. Əsasən qazma və hasilat problemlərinin həllində iri kooperativlərlə əməkdaşlıq edən şirkətdə yüksəkixtisaslı gənc mütəxəssislərə böyük ehtiyac var.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər