Gürcüstanın Barjomi şəhərində keçirilmiş VI “Harmoniya Borjomi 2017” Beynəlxalq Müsiqi Festivalı

Gürcüstanın Barjomi şəhərində keçirilmiş VI “Harmoniya Borjomi 2017” Beynəlxalq Müsiqi Festivalı Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Qubadlı rayon nümayəndəliyi Fəxrəddin Hüseynov adına Mahmudlu kənd musiqi məktəbinin üçüncü sinif şagirdi Əminə Yaqut Nəsirli Gürcüstanın Barjomi şəhərində keçirilmiş VI “Harmoniya Borjomi 2017” Beynəlxalq Müsiqi Festivalına qatılaraq uğurlu çıxış edib və festivalın laureatı adının qazanıb. Pianoçu həmyerlimiz müsabiqədə bəstəkarlar Edvard Qriqin “Yolster rəqsi” və Azər Dadaşovun “Məzəli rəqs” əsərlərini ifa edib.
Əminə Yaqutun müəllimi İradə Abdullayeva təəssüratlarını bölüşərək deyib: “Bu yarışmada Azərbaycanın adının yüksəldilməsi üçün var gücümüzlə çalışdıq. İnanırdım ki, şagirdlərimiz gözəl nəticələr göstərəcəklər. Xüsusən, Əminə Yaqutun çıxışı çox uğurlu alındı. Şadam ki, çəkdiyimiz əziyyətlər yerdə qalmadı”.
Xatırladaq ki, Festivalda Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər. Hər il olduğu kimi, budəfəki festivalda da musiqi məktəblərinin şagirdləri klassik və müasir solo, fortepiano, skripka və digər alətlər üçün yazılmış əsərləri ustalıqla nümayiş etdiriblər.
Qeyd edək ki, Azərbaycanın müxtəlif musiqi məktəblərinin şagirdləri festivalda fəal çıxış edərək müxtəlif nominasiyalar üzrə qalib olublar. Qaliblər festivalın fəxri diplomları ilə təltif olunublar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər