5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür "Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. arzu edirəm ki, müəllim elə müəllim olsun ki, bax, mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin hafizəsində qalsın. xatirimdədir, biz müəllimimizi görəndə həmişə özümüzü yığışdırırdıq. müəllimdən həm qorxurduq, həm də ona hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur... Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram..."
- Bu sözlər ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Bütün dövrlərdə Heydər Əliyev müəllim adını, müəllim sözünü yüksəklikdə olduğunu söyləmiş - Mən müəllimdən yüksək ad tanımıram - demişdir. Həmişə təhsilimizə, təhsil işçilərinə böyük diqqət və qayğı göstərən bu böyük şəxsiyyət ölkəyə rəhbərliyi dövründə bu sahəni diqqət mərkəzində saxlamışdır və onun rəhbərliyi altında həmişə Azərbaycan təhsili özünün inkişafında yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizin hər yerində təhsilin infrastrukturu yenilənmiş, yeni məktəb layihələri təhsilə dövlət qayğısının bariz ifadəsinə çevrilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında milli təhsilimizin yüksək səviyyəyə qaldırıması yönümündə bütün imkanlardan səmərəli istifadə olunur. Təhsilimizin gələcək inkişaf konsepsiyası və strategiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsini əks etdirən Azərbaycan Respublikası Təhsil Qanunu, "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" uğurla həyata keçirilməkdədir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfir, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində məktəb binalarının əsaslı təmiri, maddi texniki bazanın möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlər böyük razılıq və rəğbət hissi ilə qarşılanır.
Sevindirici haldır ki, xalqımızın və dövlətimizin parlaq gələcəyi naminə strateji əhəmiyyət kəsb edən təhsil Azərbaycan müəlliminin fədakarlığı sayəsində ciddi nəticələr qazanmaqdadır. Fəxrlə deyə bilərik ki, Azərbaycan müəllimi gənc nəslin təlim-tərbiyəsi kimi şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gəlir.
Əziz müəllimlərimiz, sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimiqəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, təlim-tərbiyənin səmərəliyinin daha da artırılmasında müvəffəqiyyətlər arzulayıram.

İbrahim Cəfərov
Azərbaycan Aqrar Universitetin
rektoru, AMEA-nın müxbir üzvi,
professor

Oxşar xəbərlər