15 SENTYABR BİLİK GÜNÜDÜR

15 SENTYABR BİLİK GÜNÜDÜR Ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası hazırda öz intibah dövrünü yaşamaqdadır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü xarici və daxili siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, ölkə təhsilinin inkişafında çox yüksək nəticələr əldə edilmişdir. Yaxın son illərdə respublikamızın şəhər və kənd rayonlarında köhnə məktəblərin əsaslı təmiri, yeni məktəb binalarının inşa edilərək Avropa standartlarına uyğun maddi-texniki bazayla təmin edilməsi, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi, müsabiqə qaliblərinin mükafatlandırılması pedaqoji kadrların həvəslə işləmələri üçün stimul yaratmışdır. Məhz müəllimlərimizin elm və təhsildə yüksək nəticələr əldə etmələri, şagirdlərimizin bir sıra beynəlxalq müsabiqələrdə qalib gəlmələri, tam orta məktəbi bitirənlərin yüksək balla ali təhsil ocaqlarına qəbul olmaları bunun bariz nümunəsidir.
Bir sözlə, təhsilimiz öz inkişaf yolu ilə gələcəkdə beynəlxalq aləmdə daha yeni nailiyyətləriylə birincilik uğrunda mübarizə aparacaqdır.
Elə bununla əlaqədar yeni dərs ilinin başlanması münasibətilə respublikamızın professor - müəllim heyətini, bütün pedaqoji kollektivi, tələbə və şagirdləri təbrik edir, onlara cansağlığı, uzun ömür, daha yeni uğurlar arzulayıram. Gələcəyimiz olan Azərbaycanımızın taleyüklü problemlərini çiyinlərində daşıyacaq gənclərimizi yüksək vətənpərvər ruhda tərbiyə olunmağa, torpaqlarımızın hər qarışı uğrunda canından keçməyə hazır olmağa, dövlətçiliyimizin daha da inkişafı naminə sıx birləşməyə çağırıram.

Eldar Quliyev,
Azərbaycan Kooperasiya Universitetinin rektoru,
Milli Məсlisin üzvü

Oxşar xəbərlər