Prezident İlham Əliyev: Azərbaycanda daxili risklər və təhdidlər yoxdur

Prezident İlham Əliyev: Azərbaycanda daxili risklər və təhdidlər yoxdur Azərbaycanda daxili risklər və təhdidlər yoxdur.
Bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.
Dövlətimizin başçısı qeyd edib: "Düşünürəm ki, hər bir ölkə üçün, xüsusən bizim regionda qonşularla münasibətlər prioritet olmalıdır. Azərbaycanda daxili risklər və təhdidlər yoxdur və ona görə də biz öz sərhədlərimizdə təhlükəsizliyə zəmanət veririk".
İlham Əliyev bildirib ki, ən yaxşı yol öz milli maraqlarını və qonşuların milli maraqlarını nəzərə alaraq qonşularla praqmatik və səmimi əlaqələr qurmaqdır: "Biz ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, bütün qonşularla yaxşı münasibət qurmuşuq. Qonşuluğumuzda olan hər bir ölkə ilə xüsusi əməkdaşlıq formatımız var".
Prezident vurğulayıb ki, Azərbaycan müstəqillik baxımından gənc ölkədir, cəmi 26 yaşı var, lakin Azərbaycan özünü tam müstəqil dövlət kimi möhkəmləndirməyi bacarıb: “Azərbaycan öz milli maraqları əsasında və heç bir qonşu ölkənin milli maraqlarına zidd olmadan müstəqil xarici siyasət yürüdür”
Dövlət başçısı əlavə edib ki, qonşularının çoxundan kiçik olan bir ölkə üçün xüsusi balans tapmaq və qonşuluğun üstünlüklərindən faydalanmaq çox vacibdir:
“Çünki böyük qonşular böyük bazarlar deməkdir və bizim üçün ən yaxşı bazar qonşularımızın bazarıdır. Ona görə də hesab edirəm ki, qonşuluqda qarşılıqlı maraqlar, maraqların balanslaşdırılması, bir-birinin daxili işinə qarışmama və əməkdaşlığa praqmatik və praktiki yanaşma ölkəmizin uğurunun, daxili sabitliyin və gələcək üçün yaxşı perspektivlərin əsas səbəblərindən biridir”.

Tehsil-press.az

Oxşar xəbərlər