“Made in Azerbaijan – 2018” müsabiqəsi: Biznes ideyaların qəbuluna başlanılıb

“Made in Azerbaijan – 2018” müsabiqəsi: Biznes ideyaların qəbuluna başlanılıb Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə tələbələr arasında üçüncü “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə başlanılıb.
Müsabiqədə Azərbaycanın bütün ali məktəblərinin tələbələri iştirak edə bilər.
Müsabiqənin təşkilinin əsas məqsədi Prezident İlham Əliyevin 2016-cı il 18 yanvar tarixli “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.
Müsabiqədə ilk üç yeri tutan tələbələr qiymətli hədiyyələrlə yanaşı, bir həftə Türkiyənin aparıcı universitetlərində fəaliyyət göstərən uğurlu startapların təcrübəsinin öyrənilməsi imkanını əldə edəcəklər.
Müsabiqəyə biznes ideyaların qəbulu martın 31-dək davam edəcək. Təqdim edilən biznes ideyaları aprelin 1-dən 20-dək ekspert şurası tərəfindən dəyərləndiriləcək və finalçılar müəyyənləşdiriləcək. Final mərhələsi aprel-may aylarında keçiriləcək.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər