Britaniyalı alim insanın mimikasını təkrarlayan robot yaradıb

Britaniyalı alim insanın mimikasını təkrarlayan robot yaradıb Böyük Britaniyanın Kembric Universitetinin professoru Piter Robinson insanın mimikasını tanıyan və təkrarlayan robot yaradıb. “Çarlz” adlı robot Kembric Universitetinin texnologiyalar və kompüter elmləri bölməsinin proqramının bir hissəsidir. Əməkdaşlar insanlarla robotların qarşılıqlı əlaqəsinin müxtəlif üsullarını araşdırırlar. Onlar robotun cavablarında emosiyaların mövcudluğunun ünsiyyətin daha yaxşı alınmasına imkan yaradacağını düşünürlər.
“Biz kompüterlərə sosial siqnalları, üz ifadəsi, səsin tonu və jestləri anlamaq qabiliyyəti vermək niyyətində idik. Düşündük ki, robotun cavablarında nə qədər çox emosiya olarsa, insanlar onunla daha çox qarşılıqlı əlaqədə olacaqlar”, – deyə professor bildirib.
Çarlz onun üz əzələlərini idarə edən 24 motora malikdir. Robot qaş, ağız, çənə və üzünün digər hissələrini hərəkət etdirir. Siqnal videokameradakı məlumatları analiz edən proqram təminatının quraşdırıldığı kompüterdən daxil olur. Kamera insanın sifətini çəkir və şəkili kompüterə göndərir. Bütün proses üç saniyə ərzində baş verir.
Professor Robinson robotun daha da təkmilləşdirilməsinin vacib olduğunu qeyd edib: “Çarlz insana çox bənzəyir. Lakin mexaniki motorlar əsl əzələlərlə rəqabət apara bilmir. Üz ifadəsinə nəzarət edən proqramlarımız hələlik idealdan uzaqdır. Həmçinin analitik proqram təminatı mükəmməl olmadığından mimika qeyri-təbii görünür”.

Hüseyn Şərifov

Oxşar xəbərlər