BANM və Kompleks Qazma İşləri Tresti arasında razılaşma imzalandı

BANM və Kompleks Qazma İşləri Tresti arasında razılaşma imzalandı Bakı Ali Neft Məktəbində (BANM) Kompleks Qazma İşləri Trestinin (KQİT) müdiri ilə Ali Məktəbin 4-cü və 5-ci kurs tələbələri arasında görüş keçirilib. Görüş zamanı həmçinin BANM-ın rektoru Elmar Qasımov və KQİT-nin müdiri İskəndər Şirəli iki müəssisə arasında əməkdaşlıq haqqında razılaşma imzalayıblar.
Tədbiri öz sözlərilə açan Ali Məktəbin rektoru Elmar Qasımov SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə BANM arasında yaranmış əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, bu əməkdaşlıqdan hər iki müəssisə yararlanacaq.
Rektor həmçinin Trestin BANM və onun tələbələrinə olan diqqətini yüksək qiymətləndirərək KQİT-nin müdiri İskəndər Şirəli və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkür edib.
KQİT-nin müdiri İskəndər Şirəli tələbələri salamlayaraq onlarla görüşməkdən böyük zövq aldığını bildirib. Həyatının böyük hissəsini qazma işlərinə sərf edən Trestin müdiri, ilk öncə tələbələrə öz həyat təcrübəsindən danışıb. Daha sonra O, Trestin strukturu, orada fəaliyyət göstərən şöbələrin iş prinsipi, gələcək planları, qazılmaqda olan və qazılması planlaşdırılan yataqlar və buradakı dünya standartlarına cavab verən maddi-texniki baza və avadanlıqlar haqqında məlumat verib. Hazırda Trestin geoloq, qazmaçı, mexanik kimi mütəxəssislərə böyük ehtiyacı olduğunu bildirən rəhbər, həmin vakant yerlərdə BANM-ın bu il məzun olacaq tələbələrini görmək istədiyini bildirib. Ali Məktəbin tələbələrinin neft-qaz sektoru üzrə ölkəmizdə ən savadlı kadr olaraq yetişdirildiklərini vurğulayan İskəndər Şirəli KQİT tərəfindən onlara lazımı dəstək və şərait yaradılacağını da bildirib.
Daha sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın şərtlərinə əsasən BANM KQİT-ni müxtəlif vəsaitlərlə (ingilis dilli ədəbiyyat, audio və video materiallar, kitabxanaya giriş, BANM-ın müəllimləri tərəfindən təlimlər və sair.) təmin edəcək. Razılaşmada həmçinin KQİT-nin bəzi mütəxəssislərinin müəllim kimi tədris proqramına cəlb edilməsi, eyni zamanda BANM-ın tələbələrinin KQİT-nin iş sahələrində istehsalat təcrübəsi keçmələri və onlar üçün iş imkanlarının yaradılması, BANM-ın tələbələri üçün yay təcrübə proqramlarının təşkil olunması məsələləri yer alıb.
Tədbir zamanı Ali Məktəbin rektoru Elmar Qasımov KQİT-nin müdiri İskəndər Şirəlini BANM-ın fəxri qonağı diplomu ilə təltif edib.
Görüşdə Ali Məktəbin tələbələri İskəndər Şirəliyə Trestin yaxın gələcəkdə planlaşdırılan layihələrindən, şirkətin bu il və bundan sonrakı illərdə əmək ehtiyatlarına olan tələbatından, şirkətin işçiləri üçün yaratdığı şəraitdən, KQİT-ni sektor üzrə digər müəssisələrdən fərqləndirən cəhətlərindən və digər onları maraqlandıran məqamlardan suallar ünvanlayıblar.
Görüşdən dərhal sonra KQİT-nin məsul əməkdaşları Trestdə istehsalat təcrübə proqramına qoşulmaq istəyən 4-cü kurs tələbələri və həmçinin burada çalışmaq istəyən 5-ci kurs tələbələrinin qeydiyyatını apararaq növbəti mərhələ üçün hazırlıq işlərini görüblər.
Qeyd edək ki, Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz əraziləri üzrə SOCAR-a məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır.

Hikmət Əliyev

Oxşar xəbərlər