
Hal-hazırda KUROSAKA kitabxanasında yapon dilində müxtəlif sahələr (təhsil, ədəbiyyat, tarix, biznes, iqtisadiyyat, manqa və s.) üzrə 2500-dən çox kitab var. Kitabxanada yaradılan uyğun şərait sayəsində Yaponiya və yapon dilinə maraq göstərən hər bir Azərbaycan vətəndaşı bu kitablardan yararlana bilər.
ADU-nun Yaponiya Araşdırmalar Mərkəzindən bildirilib ki, layihənin rəhbəri Kurosaka Munehisa, Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Nazirlər Kabinetinin nümayəndələrinin əməyi nəticəsində əldə olunan bu kitablar Azərbaycan üçün çox qiymətli hədiyyədir və Azərbaycan-Yaponiya arasındakı dostluq münasibətlərinin daha da güclənməsinə və yüksələn xətt üzrə inkişaf etməsinə töhfə verəcək.
Xatırladaq ki, ADU-da 2016-cı ilin mart ayında Azərbaycanda səfərdə olan yapon iş adamları ilə görüş keçirilib. Görüşdə universitetin Yaponiya Araşdırmalar Mərkəzinin Yaponiya haqqında yapon dilində olan kitablarla təchiz olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
ADU-nun Mətbuat Xidməti




